Qanunvericilik › Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.0.1. dini ekstremizm (dini ekstremist fəaliyyət) - dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində:

1.0.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi;

1.0.1.2. qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi;

1.0.1.3. terror fəaliyyətinin həyata keçirilməsi;

1.0.1.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi;

1.0.1.5. milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi;

1.0.1.6. şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi;

1.0.1.7. bu Qanunun 1.0.1.1 – 1.0.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışların edilməsi;

1.0.1.8. dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması;

1.0.1.9. dini ekstremizmin maliyyələşdirilməsi;

1.0.2. dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranış;

1.0.3. dini fanatizm – dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi;

1.0.4. dini ekstremist - hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs;

1.0.5. dini ekstremist təşkilat – dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə ekstremist fəaliyyət ilə məşğuldursa, həmin təşkilat dini ekstremist təşkilat hesab edilir;

1.0.6. dini ekstremizmə qarşı mübarizə - dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət;

1.0.7. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar – dini ekstremist fəaliyyətin qarşısının alınması, insanların təhlükəsizliyinin təmin edilməsi, dini ekstremistlərin zərərsizləşdirilməsi, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlər;

1.0.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonası - ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və onlara bitişik ərazilərdə xüsusi əməliyyatların aparıldığı hüdudlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver