Qanunvericilik › Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Dini qurumların mülkiyyəti

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.

Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər.

Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır.

Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər.

Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.

Qeyd: Bu maddədə “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver