Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır.
Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.
Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılmasına yol verilir.
Hərbi hissənin komandanlığı döyüş əməliyyatları, döyüş növbətçiliyi, qarovul və qarnizon xidməti, hərbi təlimlər ilə əlaqədar olan hallar istisna olmaqla, asudə vaxtlarında hərbi qulluqçuların dini ibadət etmələrinə mane ola bilməz. Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hərbi hissənin komandanlığının razılığı ilə yol verilir.
Tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlər həmin müəssisələrdə olan şəxslərin xahişi ilə keçirilir. Həmin qurumlar din xadimlərinin dəvət olunmasına yardım göstərir, dini ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və digər şərtlərinin müəyyənləşdirilməsində iştirak edirlər.
Dini qurumlar tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlərin təşkili məqsədilə həmin müəssisələrə müraciət edə bilərlər.
Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız dini ibadət yerlərinin və ziyarətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Dini qurumlar “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.