Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır.
Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.
Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı mediadan istifadə etmək hüququna malikdirlər.
Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.
Dini qurumlar Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edir və onları pozduqda məsuliyyət daşıyırlar.
Dini qurumlar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.