15.1. Daimi diplomatik xidmətə qəbul edilən diplomatik xidmət əməkdaşlarına tutduqları diplomatik vəzifəyə uyğun diplomatik rütbə verilir.
15.2. Diplomatik vəzifələr üzrə diplomatik rütbələr aşağıdakı ardıcıllıqla müəyyən edilir:
15.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri vəzifəsi üzrə – fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi;
15.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin müavini vəzifəsi üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri;
15.2.3. fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə, baş konsul vəzifələri üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri;
15.2.4. xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələri üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.5. səfirin müavini, daimi nümayəndənin müavini vəzifələri üzrə – birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.6. müşavir-elçi, idarə rəisinin müavini vəzifələri üzrə – ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir, ikinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.7. müşavir vəzifəsi üzrə – birinci dərəcəli müşavir, ikinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.8. şöbə müdiri, konsul vəzifələri üzrə – ikinci dərəcəli müşavir, birinci dərəcəli birinci katib diplomatik rütbələri;
15.2.9. birinci katib vəzifəsi üzrə – birinci dərəcəli birinci katib, ikinci dərəcəli birinci katib diplomatik rütbələri;
15.2.10. ikinci katib, vitse-konsul vəzifələri üzrə – birinci dərəcəli ikinci katib, ikinci dərəcəli ikinci katib diplomatik rütbələri;
15.2.11. üçüncü katib vəzifəsi üzrə – üçüncü katib və attaşe diplomatik rütbələri;
15.2.12. attaşe, konsul agenti, maliyyə məsələləri üzrə attaşe vəzifələri üzrə – attaşe diplomatik rütbəsi.
15.3. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir.
15.4. Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Bu diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına müvafiq hüquqi akt və vəsiqə verilir.
15.5. Bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulan diplomatik rütbələr istisna olmaqla, digər diplomatik rütbələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən verilir.
15.6. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:
15.6.1. attaşe, üçüncü katib, ikinci dərəcəli ikinci katib və birinci dərəcəli ikinci katib – 2 (iki) il;
15.6.2. ikinci dərəcəli birinci katib, birinci dərəcəli birinci katib və ikinci dərəcəli müşavir – 3 (üç) il.
15.7. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir.
15.8. Diplomatik xidmət əməkdaşının diplomatik rütbədə olma müddətinə diplomatik vəzifədə xidmət dövrü, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında beynəlxalq təşkilatın orqanında fəaliyyət dövrü, sərəncamda olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma müddəti, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil müddəti daxildir.
15.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə və ya xidmətdən ayrılmaqla əlavə təhsil almağa göndərilmiş diplomatik xidmət əməkdaşlarına növbəti diplomatik rütbənin verilməsi onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduqları son vəzifə üzrə bu Qanunun 15.13-cü maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.
15.10. Diplomatik xidmət orqanlarında diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi və ya hərbi rütbə verilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmətə qəbul edildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq diplomatik rütbə verilir.
15.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən diplomatik rütbələr istisna olmaqla, daimi diplomatik xidmətə qəbul edilən və ya daha yüksək pillə diplomatik vəzifəyə təyin olunan və diplomatik rütbəsi tutduğu diplomatik vəzifə üzrə müəyyən edilmiş diplomatik rütbə həddindən aşağı olan diplomatik xidmət əməkdaşına təyin olunduğu diplomatik vəzifə üzrə ən aşağı diplomatik rütbə verilir.
15.12. Bu Qanunun 10.1.5-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşına həvəsləndirmə qaydasında, tutduğu diplomatik vəzifəyə uyğun müəyyən edilmiş hədd daxilində vaxtından əvvəl növbəti diplomatik rütbə verilə bilər. Növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsinə diplomatik xidmət əməkdaşının xidmət müddəti ərzində yalnız bir dəfə və malik olduğu diplomatik rütbədə bu Qanunun 15.6-cı maddəsi ilə müəyyən edilmiş müddətin azı yarısını xidmət etdikdən sonra yol verilir.
15.13. Bu Qanunun 11.5-ci, 15.10–15.12-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, diplomatik xidmət əməkdaşlarına diplomatik rütbələr müsbət xidməti fəaliyyəti, mövcud diplomatik rütbəsi və həmin rütbədə xidmət müddəti, tutduğu vəzifəyə növbəti diplomatik rütbənin uyğunluğu nəzərə alınmaqla ardıcıl verilir.
15.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, yaxud barəsində intizam tənbehi tətbiq edilmiş, həmçinin cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşına müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi qüvvədən düşənə (götürülənə), cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alana, xidməti yoxlama və ya araşdırma qurtaranadək diplomatik rütbə verilmir.
15.15. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşı müvafiq olaraq vəzifəyə təyin olunduqda, vəzifəsinə qaytarıldıqda, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama və ya araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti diplomatik rütbə alması üçün xidmət müddəti əvvəlki diplomatik rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
15.16. Diplomatik xidmət əməkdaşının əmək kitabçasında onun hər bir diplomatik rütbəsi barədə qeyd aparılır.
15.17. Diplomatik xidmət əməkdaşının xidmət dövründə diplomatik rütbəsi bu Qanunun 11.1.4-cü maddəsinə uyğun olaraq intizam tənbehi tədbirinin tətbiqi qaydasında aşağı salına bilər.
15.18. Diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşı Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərinə görə diplomatik rütbədən məhrum edilə bilər.
15.19. Diplomatik rütbənin aşağı salınması və ya diplomatik rütbədən məhrum edilmə həmin diplomatik rütbəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
15.20. Diplomatik rütbədən məhrum edilmə halı istisna olmaqla, diplomatik rütbə ömürlük verilir.