17.1. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.2. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş və sənədləri bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq yoxlanılmış namizədlər müsahibədə iştirak edirlər.
17.3. Aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsindən azad edilirlər:
17.3.1. elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
17.3.2. bu Qanunun 14.2.1.10-cu maddəsində nəzərdə tutulan vəzifədə diplomatik xidmətə qəbul üçün azı 3 (üç) il, bu Qanunun 14.2.1.8-ci və 14.2.1.9-cu maddələrində nəzərdə tutulan vəzifələrdə diplomatik xidmətə qəbul üçün azı 6 (altı) il, bu Qanunun 14.2.1.6-cı və 14.2.1.7-ci maddələrində nəzərdə tutulan vəzifələrdə diplomatik xidmətə qəbul üçün azı 9 (doqquz) il dövlət orqanlarında (qurumlarında) və ya beynəlxalq təşkilatların orqanlarında ali təhsil tələb olunan vəzifələrdə qulluq (xidmət) və ya əmək stajına malik olan şəxslər;
17.3.3. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər.
17.4. Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müsahibədən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır və sənədləri yoxlamadan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibədə iştiraka buraxılırlar.
17.5. Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxslərin diplomatik xidmətə qəbulundan imtina üçün əsasdır.
17.6. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda diplomatik xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təyinatı əsasında həyata keçirilir.
17.7. Aşağıdakı hallarda diplomatik xidmətə qəbul zamanı müsabiqə keçirilmir:
17.7.1. bu Qanunun 14.2.1.3–14.2.1.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələr üzrə;
17.7.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik, xüsusi və ya hərbi rütbə, yaxud ixtisas dərəcəsi verilmiş şəxslərə münasibətdə;
17.7.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində nəzərdə tutulan (hərbi qulluqçular istisna olmaqla) vəzifələrdən azad edilmiş (səlahiyyət müddəti başa çatmış) şəxslərə münasibətdə;
17.7.4. ali – üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən və həmin vəzifələrdə qulluğuna xitam verilmiş şəxslərə münasibətdə;
17.7.5. bu Qanunun 30.1.1–30.1.4-cü maddələrində nəzərdə tutulan əsaslarla diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına münasibətdə.