22.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu Qanunun 14.2.1.3-cü maddəsində nəzərdə tutulan vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı 6 (altı) ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi bu Qanun nəzərə alınmaqla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
22.2. Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu Qanunun 14.2.1.3-cü maddəsində nəzərdə tutulan vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı 1 (bir) il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
22.3. Bu Qanunun 22.2-ci maddəsi nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər.
22.4. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.