30.1. Diplomatik xidmət orqanı əməkdaşının xidmətinə aşağıdakı əsaslarla xitam verilir:
30.1.1. öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda;
30.1.2. diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla);
30.1.3. əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə;
30.1.3-1. müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
30.1.4. diplomatik xidmət orqanında ştat vahidi ixtisar edildikdə;
30.1.5. diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
30.1.6. bu Qanunun 11.1.5-ci maddəsinə uyğun olaraq diplomatik xidmət orqanlarından xaric edildikdə;
30.1.7. bu Qanunun 11.1.6-cı maddəsinə uyğun olaraq diplomatik xidmət orqanlarından xaric edildikdə;
30.1.8. bu Qanunun 18.4-cü maddəsində nəzərdə tutulan halda;
30.1.9. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
30.1.10. diplomatik xidmət orqanlarında xidmətə qəbul məqsədilə təqdim edilmiş sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar edildikdə;
30.1.11. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
30.1.12. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
30.1.13. bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında xidmətdə olmanın yaş həddinə çatdıqda və xidmətdə olma müddəti uzadılmadıqda;
30.1.14. vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.
30.2. Bu Qanunun 30.1.4-cü maddəsində nəzərdə tutulan əsasa görə diplomatik xidmət orqanı əməkdaşı və 30.1.5-ci maddəsində nəzərdə tutulan əsasa görə diplomatik xidmət əməkdaşı diplomatik xidmət orqanlarında digər vəzifəyə keçirilməkdən imtina etdikdə onun xidmətinə xitam verilir.
30.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşının əmək qabiliyyətini müvəqqəti itirdiyi (bu Qanunun 30.1.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla), məzuniyyətdə və ezamiyyətdə olduğu dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təşəbbüsü ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilə bilməz.
30.4. Diplomatik xidmət orqanı əməkdaşı öz təşəbbüsü ilə diplomatik xidmət orqanında xidmətinə xitam verilməsi barədə ərizə təqdim etdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin xidməti davam etdirmək barədə qərarı olduğu təqdirdə, həmin əməkdaş ərizə təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində xidmətini davam etdirməlidir. Diplomatik xidmət orqanı əməkdaşı pensiyaya çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, başqa təyinatlı və ya seçkili vəzifə tutduqda və qanunda nəzərdə tutulan digər hallarda onun ərizəsində göstərildiyi tarixdən xidmətinə xitam verilir.