Qanunvericilik › “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) › Tam mətn

“Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012)

“Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Elektron xidmətin adı: Doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: İstifadəçi qeydiyyat orqanına getmədən doğumun qeydiyyatı üçün elektron müraciət formasını elektron qaydada doldurur.

1.3.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-170-ci maddələri;

1.3.2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

1.3.3. “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;

1.3.5. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.6. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.13-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 2 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılır və şəxs sənədi götürmək üçün qeydiyyat orqanına dəvət olunur.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün uşağın doğumu haqqında tibbi şəhadətnamənin, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd və ya uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədin, həmçinin ana nikahda olduqda nikah haqqında şəhadətnamənin skan edilmiş surəti, valideynlərin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi tələb olunur. Həmin sənədlər elektron qaydada doldurulan ərizəyə əlavə edilir.

Şəxs qeydiyyat şöbəsinə gəldikdə göstərilən sənədlərin, əslini təqdim etməlidir.

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

İstifadəçi 2.6-cı bənddə qeyd olunanlar əsasında doğumun qeydiyyatı üçün elektron ərizə formasında müvafiq məlumatları daxil edir.

3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində istifadəçi qeydiyyat orqanını seçir, valideynlər haqqında aşağıda qeyd olunan məlumatları, həmçinin elektron poçt ünvanını daxil edərək sorğunu formalaşdırır.

Uşaq haqqında tələb olunan məlumatlar: VESKS kodu (uşağın doğumu haqqında tibbi şəhadətnamədə göstərilən “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”ndəki 12 rəqəmli kod), doğulduğu tarix, yer, cinsi, ölü və ya diri doğulması, neçə uşağın doğulması, sayca neçənci uşağın olması, soyadı, adı və atasının adı.

Ana və ata haqqında tələb olunan məlumatlar: valideyn Azərbaycan Respublikasının vətəndaşı olduqda onun şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi (seriya və nömrə daxil edildikdə avtomatik olaraq ad, soyad, ata adı, doğum tarixi və yeri haqqında məlumatlar daxil olur), vətəndaşlığı, ata və anasının milliyyəti, yaşayış yeri, iş yeri və vəzifəsi, təhsili, ata haqqında qeydin əsası

Əgər valideyn əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa “Digər” sahəsi seçilərək müvafiq olaraq şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, ad, soyad, ata adı, doğum tarixi və doğulduğu yer, vətəndaşlığı, ata və anasının milliyyəti, yaşayış yeri, iş yeri və vəzifəsi, təhsili, ata haqqında qeydin əsası hissələri əl ilə doldurulur

3.2.2. Sorğunun qəbulu: Sorğu qəbul olunduğu təqdirdə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsinə daxil olub, tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edir.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tələb olunan məlumatları səhv daxil etdikdə, həmçinin şəxsiyyəti təsdiq edən sənəd qüvvədən düşdükdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tələb olunan məlumatları düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi elektron xidmət vasitəsilə aidiyyəti qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan və 2.6-cı bənddə göstərilənləri göndərdikdən sonra qeydiyyat orqanı tərəfindən doğumun qeydiyyatı aparılır.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;

– Məlumatlar və sənədlər yoxlanılır;

– Doğum haqqında şəhadətnamə hazırlanaraq onun təqdim edilməsi üçün şəxs qeydiyyat orqanına dəvət olunur.

Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

– Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır;

– Doğum haqqında şəhadətnamə hazırlanaraq elektron poçt ünvanı vasitəsilə verilmə vaxtı və yeri barədə şəxsə məlumat verilir.

İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

– Sənədlər və elektron ərizə forması qəbul edilərək çap olunur;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra sənəd hazırlanması üçün təqdim edilir;

– Şəxs müvafiq qeydiyyat orqanına gələrək doğum haqqında şəhadətnaməni əldə edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 31 oktyabr 2017-ci il tarixli 21-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver