Qanunvericilik › “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.02.2016) › Tam mətn

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.02.2016)

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.02.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar qüvvəyə mindiyi tarixdən “Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 iyun tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 504; 2010, № 3, maddə 264) ləğv edilsin.

3. Bu qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 5 fevral 2016-cı il

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

1.2. Bu Qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.

1.3. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

1.4. Tələbələrə təqaüdün verilməsi müəssisə tərəfindən yaradılan təqaüd komissiyasının təqdimatı əsasında müəssisə rəhbərinin əmri ilə həyata keçirilir.

1.5. Təqaüd ayda bir dəfə ödənilir. Bu Qayda tələbələrə təqaüdü ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş müddətdə almaq imkanı verir.

1.6. Doktorant və tələbələrə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılır.

1.7. İstehsalat təcrübəsi və ya ixtisas üzrə təcrübə və tətil müddətlərində tələbələrin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.

1.8. Tələbələrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.

1.9. Ali və orta ixtisas təhsili müəssisələrində akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödənilir və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla verilir. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılır və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdirilir.

1.10. Tələbələr üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.

1.11. Tələbələr üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

2.1. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra - ÜOMG) görə verilir.

2.2. ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir.

2.3 ÜOMG tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

b1,b2,...,bn - tələbənin fənlər üzrə topladığı ballar;

k1,k2,...,kn - tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;

k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər. Əgər tələbə imtahandan müvəffəq qiymət almazsa, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.

2.4. Orta ixtisas təhsili müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.

2.4-1. Ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 1-ci hissəsində göstərilən səviyyədə müəyyənləşdirilir.

Hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.

2.5. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

2.6. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

2.6.1. fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

2.6.2. fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

2.6.3. fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

2.7. Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.

2.8. Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən təqaüdlərin müəyyən olunmuş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri ali təhsil müəssisələrində fakültənin elmi şurasının, orta ixtisas təhsili müəssisələrində isə pedaqoji şuranın qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə növbəti semestrədək verilir.

2.9. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində “adi” təqaüd verilir.

2.10. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

2.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın qüvvəyə mindiyi tarix nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil alan tələbələrə təqaüd bu Qaydanın 2.6-cı bəndinə əsasən müəyyən edilir. Tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil almayan əla qiymətlərlə təhsil alan tələbələrə “əlaçı”, əla və yaxşı qiymətlərlə təhsil alan tələbələrə “həvəsləndirici”, kafi və digər müvəffəq qiymətlərlə təhsil alanlara isə “adi” təqaüd verilir.

2.12. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından dövlət hesabına qəbul olunan tələbələrə birinci tədris ilində imtahan sessiyasının orta bal göstəriciləri, növbəti tədris ilindən isə ÜOMG nəzərə alınmaqla, bu Qaydaya uyğun təqaüd təyin edilir.

2.13. Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına olan yerlərinə ümumi orta və tam orta təhsil bazalarından qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüdü verilir.

2.14. Ali təhsil və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.

2.15. Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.

2.16. Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır.

3.1. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir.

3.2. Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir.

3.3. Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.

3.4. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

3.4.1. ilk və texniki peşə təhsili səviyyələri üzrə:

3.4.1.1. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan tələbələrə “əlaçı” təqaüdü;

3.4.1.2. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi “5” olmalıdır);

3.4.1.3. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “3” - “5” olan tələbələrə “adi” təqaüd verilir;

3.4.2. yüksək texniki peşə təhsili səviyyəsi üzrə:

3.4.2.1. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

3.4.2.2. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi 91 baldan yuxarı olmalıdır);

3.4.2.3. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir.

3.5. Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük verilir.

3.6. Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən, təqaüdlərin müəyyən edilmiş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji şuranın qərarı ilə digər ixtisaslar üzrə təhsil alan və həmin yarımildə aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə növbəti yarımilədək verilir.

3.7. Aralıq qiymətləndirmənin yekun nəticələrinə görə çoxballı sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzrə “3”-dən aşağı qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.

3.8. Xəstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymətləndirmədə iştirak etməyən tələbələrə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.

3.9. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.

3.10. Peşə təhsili pilləsinin ilk və texniki peşə təhsili səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

3.11. Tam orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

3.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə:

3.12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir;

3.12.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu toplayan tələbələrə birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

3.13. Təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir.

1. 28 aprel 2017-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 672)

2. 26 may 2017-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1010)

3. 18 oktyabr 2017-ci il tarixli 456 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1918)

4. 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432)

5. 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741)

6. 1 aprel 2019-cu il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 735)

7. 12 aprel 2019-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 762)

8. 30 avqust 2019-cu il tarixli 375 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 avqust 2019-cu il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1480)

9. 4 mart 2020-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 339)

10. 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

11. 4 may 2021-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 may 2021-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 509)

12. 13 noyabr 2021-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1272)

13. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

14. 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 307)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver