Qanunvericilik › “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) › Tam mətn

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022)

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”na daxil edilməsini (ötürülməsini) mütəmadi olaraq təmin etsinlər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 sentyabr 2022-ci il

1.1. Bu Əsasnamə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.1-ci maddəsinə əsasən yaradılmış “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın (bundan sonra – Vahid dövlət informasiya bazası) formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Vahid dövlət informasiya bazası orqan donorluğu və transplantasiyası fəaliyyətinin təmin edilməsi, orqan donorluğu və transplantasiyanın həyata keçirilməsi zamanı vahid uçotun aparılması məqsədilə yaradılmışdır və məlumatların formalaşdırılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.

1.3. Vahid dövlət informasiya bazasında toplanılmış fərdi məlumatların işlənilmə məqsədi orqan donorluğu və transplantasiya sahəsində fəaliyyətin effektiv həyata keçirilməsidir. Fərdi məlumatların Vahid dövlət informasiya bazasında toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.4. Vahid dövlət informasiya bazasının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı bu Əsasnamədə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.

1.5. Vahid dövlət informasiya bazasının formalaşdırılması, saxlanılması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsinin vəsaiti hesabına və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Vahid dövlət informasiya bazasından istifadə ödənişsizdir.

2.1. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Vahid dövlət informasiya bazasından informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ya fiziki şəxslər;

2.1.2. iştirakçı – Vahid dövlət informasiya bazasının informasiya proseslərində iştirak etmək hüququ verilmiş və Qanunun 7-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri, habelə bu Əsasnamənin 6.10-cu bəndində nəzərdə tutulan dövlət orqanları (qurumları);

2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Vahid dövlət informasiya bazası üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə onun aparılmasını təmin edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

2.1.4. operator – sahibin bu sahədə fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi (bundan sonra – Koordinasiya Mərkəzi);

2.1.5. elektron kabinet – istifadəçilərin (fiziki şəxslərin) Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, Vahid dövlət informasiya bazasına daxil olmasına və bu bazadan istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qanunda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

3.1. Vahid dövlət informasiya bazası Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

3.1.1. istifadə rahatlığı – Vahid dövlət informasiya bazasından istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. fasiləsizlik – Vahid dövlət informasiya bazasında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.3. operativlik – Vahid dövlət informasiya bazasında məlumatların formalaşdırılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;

3.1.4. şəffaflıq – Vahid dövlət informasiya bazasının fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4.1. Vahid dövlət informasiya bazasının strukturu “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemindən, “Hesabatlar” altsistemindən və aşağıdakı reyestrlərdən ibarətdir:

4.1.1. ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri;

4.1.2. ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri;

4.1.3. canlı donorların reyestri;

4.1.4. resipiyentlərin reyestri;

4.1.5. sümük iliyi donorluğuna namizədlərin reyestri;

4.1.6. süni orqan və material köçürülmüş şəxslərin reyestri;

4.1.7. transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestri;

4.1.8. donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin reyestri;

4.1.9. transplantasiya üzrə koordinatorların reyestri;

4.1.10. həkim-transplantoloqların reyestri.

4.2. “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemi transplantasiya üzrə koordinatorların reyestrinə daxil olan şəxslər barədə məlumatların yenilənməsini, onlar tərəfindən daxil edilən məlumatların düzgünlüyünün yoxlanılmasını, transplantasiya məqsədilə donor orqanların Azərbaycan Respublikasına idxalına və Azərbaycan Respublikasından ixracına “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi icazə verilməsi barədə qərarların saxlanmasını təmin edir.

4.3. “Hesabatlar” altsistemi donor orqanların transplantasiyası məqsədilə uçota götürülən resipiyentlərin, donorların, donor orqanların transplantasiyası həyata keçirilmiş şəxslərin sayı, donor orqanların transplantasiyasını gözləyən şəxslər arasından ölənlərin sayı, transplantasiyası nəzərdə tutulan donor orqanların statistik göstəriciləri, transplantasiya məqsədilə uçota götürülən şəxslərin yaş göstəriciləri barədə hesabatları əks etdirir.

4.4. Bu Əsasnamənin 4.2-ci və 4.3-cü bəndlərində qeyd edilən altsistemlər və reyestrlər üzrə əməliyyatlar Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

5.1. Vahid dövlət informasiya bazasının texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

5.1.1. texniki avadanlıq və proqram təminatı;

5.1.2. telekommunikasiya kanalları;

5.1.3. əsas və ehtiyat mərkəzləri;

5.1.4. informasiya ehtiyatı və onu idarəetmə paneli;

5.1.5. Vahid dövlət informasiya bazasının test mühiti.

5.2. Texniki avadanlıq və proqram təminatı bu Əsasnaməyə uyğun olaraq informasiya mübadiləsinin həyata keçirilməsini, bu sahədə fəaliyyətin etibarlılığını və təhlükəsizliyini təmin edir.

5.3. Vahid dövlət informasiya bazasının öz fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətləri vardır.

5.4. Ehtiyat mərkəz Vahid dövlət informasiya bazasının fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə bazada formalaşdırılan, bazaya daxil edilən və bazadan ötürülən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.

5.5. Vahid dövlət informasiya bazasında formalaşdırılan, bazaya daxil edilən və bazadan ötürülən məlumatlar əsas mərkəzlə yanaşı, onun ehtiyat mərkəzində də saxlanılır.

5.6. Vahid dövlət informasiya bazasının idarəetmə paneli informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

5.7. Test mühitində Vahid dövlət informasiya bazasında aparılan dəyişikliklərin yoxlanılması prosesi həyata keçirilir.

5.8. Vahid dövlət informasiya bazası sahibin, iştirakçının və istifadəçinin identikləşdirilməsi və göstərilən xidmətlərin ünvanlı həyata keçirilməsi üçün Vahid Giriş Sistemi (“ASAN Login”) üzərindən gücləndirilmiş elektron imza və digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmi ilə təchiz edilir.

6.1. Ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

6.1.1. adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN);

6.1.3. doğulduğu yer, tarix;

6.1.4. şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası (olduğu halda), nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı;

6.1.5. yaşadığı ünvan;

6.1.6. tibbi sığorta şəhadətnaməsinin (icbari və (və ya) könüllü) nömrəsi və tarixi (mövcud olduğu halda);

6.1.7. qan qrupu və rezus-faktor, antropometrik məlumatlar (çəki, boy);

6.1.8. gen və toxuma uyğunluğunun immunoloji göstəriciləri;

6.1.9. şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı barədə ərizəsi;

6.1.10. Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) kodu qeyd edilməklə, ölümün səbəbi;

6.1.11. bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı;

6.1.12. ölüm anının təsdiq edildiyi tarix, vaxt, ölüm anını müəyyən edən həkimin (həkimlərin (feldşerin) soyadı, adı, atasının adı, bu faktı təsdiq edən tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i;

6.1.13. meyit donordan götürülmüş orqanla bağlı akt;

6.1.14. transplantasiya üçün götürülən donor orqanın adı;

6.1.15. donor orqanın götürülmə tarixi və vaxtı;

6.1.16. donor orqanın götürüldüyü tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i;

6.1.17. həkim-transplantoloq barədə məlumatlar (adı, soyadı, atasının adı, vəzifəsi).

6.2. Ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestrinə bu Əsasnamənin 6.1.1-6.1.5-ci yarımbəndlərində qeyd edilən məlumatlarla yanaşı, şəxsin ölümdən sonra orqanlarının götürülməsindən imtina barədə ərizəsi daxil edilir.

6.3. Canlı donorların reyestrinə bu Əsasnamənin 6.1.1-6.1.8-ci, 6.1.14-6.1.17-ci yarımbəndlərində qeyd edilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da daxil edilir:

6.3.1. canlı donorun məlumatlandırılmış razılıq ərizəsi;

6.3.2. canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarı;

6.3.3. yaxın qohum olmayan şəxsin donor olub-ola bilməməsi barədə etika komissiyasının müvafiq qərarı;

6.3.4. canlı donorun əməliyyatdan əvvəl mövcud olan xəstəliyi və ya əlilliyinin mövcudluğu barədə məlumatlar;

6.3.5. əməliyyat zamanı ağırlaşmaların olması, əməliyyatdan sonra donorun sağlamlıq vəziyyəti, tibb müəssisəsini tərk etdikdən sonra dispanser müşahidəsinin nəticələri (əsas və yanaşı xəstəliklər, onların ağırlaşmaları, əməliyyatla əlaqədar əlilliyin yaranması və yaxud yaranmaması) barədə məlumatlar.

6.4. Resipiyentlərin reyestrinə bu Əsasnamənin 6.1.1-6.1.8-ci yarımbəndlərində qeyd edilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da daxildir:

6.4.1. resipiyentə transplantasiya olunacaq orqanın adı;

6.4.2. resipiyentin gözləmə vərəqəsi;

6.4.3. Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) kodu göstərilməklə diaqnozu;

6.4.4. transplantasiyanı həyata keçirmiş həkim-transplantoloqların soyadı, adı, atasının adı, peşə ixtisası, tutduqları vəzifə;

6.4.5. transplantasiya tarixi, həmçinin transplantasiya əməliyyatının başlama və bitmə vaxtı;

6.4.6. transplantasiyanın həyata keçirildiyi tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i;

6.4.7. transplantasiya həyata keçirildikdən sonra tibb müəssisəsini tərk etmə tarixi və vaxtı;

6.4.8. əməliyyat zamanı ağırlaşmaların olması, əməliyyatdan sonra resipiyentin sağlamlıq vəziyyəti, tibb müəssisəsini tərk etdikdən sonra dispanser müşahidəsinin nəticələri (əsas və yanaşı xəstəliklər, onların ağırlaşmaları, əməliyyatla əlaqədar əlilliyin yaranması və yaxud yaranmaması) barədə məlumatlar.

6.5. Sümük iliyi donorluğuna namizədlərin reyestrinə bu Əsasnamənin 6.1.1-6.1.8-ci, 6.3.1-6.3.5-ci yarımbəndlərində qeyd olunan məlumatlar da daxil edilir.

6.6. Süni orqan və material köçürülmüş şəxslərin reyestrinə bu Əsasnamənin 6.1.1-6.1.8-ci, 6.4.2-6.4.8-ci yarımbəndlərində qeyd olunan məlumatlarla yanaşı, köçürülən süni orqan və material barədə məlumatlar da daxil edilir.

6.7. Transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestrinə və donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin reyestrinə tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i, habelə transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə Koordinasiya Mərkəzinin qərarı barədə məlumatlar daxil edilir.

6.8. Transplantasiya üzrə koordinatorların reyestrinə tibb müəssisəsi tərəfindən təyin edilən hər bir koordinatorun adı, atasının adı, soyadı, cinsi, şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası (olduğu halda), nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı, yaşadığı ünvan, iş yeri və vəzifəsi, ali və ya orta ixtisas tibb təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin) seriyası, nömrəsi, ixtisasının (ixtisaslaşmasının) adı, alınan peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi, sənədin verilmə tarixi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradıldığı halda nömrəsi, habelə elektron ünvanı və əlaqə telefonu barədə məlumatlar daxil edilir.

6.9. Həkim-transplantoloqların reyestrinə həkim-transplantoloqun adı, atasının adı, soyadı, cinsi, şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası (olduğu halda), nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı, yaşadığı ünvan, iş yeri və vəzifəsi, ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin) seriyası, nömrəsi, ixtisasının (ixtisaslaşmasının) adı, alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi, sənədin verilmə tarixi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradıldığı halda nömrəsi, habelə elektron ünvanı və əlaqə telefonu barədə məlumatlar daxil edilir.

6.10. Bu Əsasnamənin 6.1-6.9-cu bəndlərində nəzərdə tutulan məlumatlar Vahid dövlət informasiya bazasına tibb müəssisələri tərəfindən daxil edilir, yaxud EHİS vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq elektron informasiya sistemlərinin (ehtiyatlarının) inteqrasiyası yolu ilə ötürülür.

7.1. Vahid dövlət informasiya bazasının fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:

7.1.1. Vahid dövlət informasiya bazasının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.1.2. Vahid dövlət informasiya bazasının formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənmək;

7.1.3. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası zamanı əldə etdiyi məlumatları Vahid dövlət informasiya bazasına daxil edilməsi üçün operatora vermək;

7.1.4. Vahid dövlət informasiya bazasına daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

7.1.5. Vahid dövlət informasiya bazasının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.1.6. Vahid dövlət informasiya bazasından istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

7.1.7. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, orqan donorluğu və transplantasiyanın həyata keçirilməsi ilə bağlı elektron hesabatlılığı, habelə Vahid dövlət informasiya bazasının fəaliyyəti üzrə məlumatların Koordinasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilməsinin və daim yenilənməsinin təmin edilməsinə nəzarət etmək;

7.1.8. bu Əsasnamədən və Qaydalardan irəli gələn digər funksiyaları həyata keçirmək.

8.1. Operatorun funksiyaları aşağıdakılardır:

8.1.1. Vahid dövlət informasiya bazasının idarə olunmasını təşkil etmək və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

8.1.2. Vahid dövlət informasiya bazasını EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə informasiya mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.1.3. Vahid dövlət informasiya bazasına daxil edilmiş (ötürülmüş) məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

8.1.4. Vahid dövlət informasiya bazasının istismarını, o cümlədən etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək;

8.1.5. Vahid dövlət informasiya bazasının proqram təminatının təyinatı üzrə istismarını, texniki dəstəyini, təmirini və yenilənməsini təmin etmək;

8.1.6. bu Əsasnamənin 7.1.7-ci yarımbəndində qeyd olunan məlumatların öz rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

8.1.7. sahibin təklifləri əsasında Vahid informasiya bazasında dəyişikliklər etmək və təkmilləşdirmələrin aparılması üçün tədbirlər görmək, həmçinin sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, lazım gəldikdə isə yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

8.1.8. Vahid dövlət informasiya bazasından istifadə ilə bağlı iştirakçıları məlumatlandırmaq və onlara metodiki kömək göstərmək;

8.1.9. Vahid dövlət informasiya bazasında aparılan yenilənmə işləri haqqında iştirakçıları əvvəlcədən məlumatlandırmaq, baş verən nasazlıqları qısa vaxt ərzində aradan qaldırmaq;

8.1.10. bu Əsasnamədən və Qaydalardan irəli gələn digər funksiyaları həyata keçirmək.

9.1. İştirakçıların funksiyaları aşağıdakılardır:

9.1.1. Vahid dövlət informasiya bazasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2. Vahid dövlət informasiya bazasına çıxışı olan transplantasiya üzrə koordinatorları gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.1.3. məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Vahid dövlət informasiya bazasına daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram təminatı vasitələrinə müdaxilə etməmək;

9.1.5. Vahid dövlət informasiya bazasında olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.1.6. Vahid dövlət informasiya bazasında saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;

9.1.7. operatorun sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;

9.1.8. operatorun Vahid dövlət informasiya bazasına daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;

9.1.9. Vahid dövlət informasiya bazasının fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.1.10. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək.

10.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vahid dövlət informasiya bazasından istifadəsi onun informasiya ehtiyatları və sistemləri Qaydalara uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.2. İştirakçı Vahid informasiya bazasından aşağıdakı istifadə imkanlarına malikdir:

10.2.1. Vahid Giriş Sistemi (“ASAN Login”) üzərindən gücləndirilmiş elektron imza və digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə Vahid dövlət informasiya bazasına daxil olmaq;

10.2.2. bu Əsasnamənin 6-cı hissəsində qeyd olunan məlumatları, bu Əsasnamənin 6.10-cu bəndi nəzərə alınmaqla Vahid dövlət informasiya bazasına daxil etmək;

10.2.3. bu Əsasnamənin 9.1.5-ci yarımbəndinə uyğun olaraq Vahid dövlət informasiya bazasında olan məlumatlardan (sənədlərdən) istifadə etmək.

10.3. Fiziki şəxslər Vahid dövlət informasiya bazasından Vahid Giriş Sistemi (“ASAN Login”) üzərindən identikləşdirildikdən sonra daxil olduqları elektron kabinet vasitəsilə istifadə edirlər. Fiziki şəxslər (18 yaşına çatmayan şəxsdirsə – qanuni nümayəndələri) yalnız onlara aid məlumatları Vahid informasiya bazasından əldə edə bilərlər.

10.4. Fiziki şəxsin özü barədə məlumatları əldə etmək və bu məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək, Vahid dövlət informasiya bazasının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək hüququ vardır.

10.5. Vahid dövlət informasiya bazasında fiziki şəxslər barədə məlumatların anonimliyi xüsusi kodlar vasitəsilə təmin edilir.

10.6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi istisna olmaqla, bu Əsasnamənin 6.10-cu bəndində nəzərdə tutulan dövlət orqanları (qurumları) Vahid dövlət informasiya bazasına məlumat daxil edə və götürə bilməzlər.

10.7. Operator tərəfindən Vahid dövlət informasiya bazasından istifadə və giriş hüquqları qeyri-qanuni daxilolma və ya müdaxilə, o cümlədən bu Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə məhdudlaşdırılır.

1. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver