Qanunvericilik › “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.12.2019) › Tam mətn

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.12.2019)

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.12.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərmanın 1-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2019-cu il

1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür.

1.3. Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlər (bundan sonra – vəsaitlər) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur.

1.4. Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Publik hüquqi şəxslər haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Vəsaitlərin ödənilməsi üçün dövlət orqanının (qurumun) tabeliyində yaradılan publik hüquqi şəxslə onun tabe olduğu orqan (qurum) arasında, belə orqan (qurum) olmadıqda isə bilavasitə publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında müqavilə bağlanılır.

2.2. Vəsaitlərin ödənilməsi şərtləri bu Qaydaya uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi formaya uyğun tərtib olunur.

2.3. Müqavilədə aşağıdakı məsələlər əks etdirilir:

2.3.1. müqavilənin predmeti;

2.3.2. tərəflərin hüquq və öhdəlikləri, o cümlədən publik hüquqi şəxsin həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi;

2.3.3. publik hüquqi şəxsin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadəsi barədə hesabatlılığın forması;

2.3.4. tərəflərin məsuliyyəti və onların qarşılıqlı razılığı əsasında digər şərtlər.

2.5. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

2.6. Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin xəzinə hesabına köçürülür.

2.8. Publik hüquqi şəxslərin dövlət büdcəsi hesabına müqavilə əsasında həyata keçirdikləri tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır.

2.9. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.

3.1. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.2. Publik hüquqi şəxslər alınan vəsaitlərdən istifadə barədə rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edirlər.

28 dekabr 2022-ci il tarixli 1939 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1449)

29 iyul 2025-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2025-ci il, “Xalq” qəzeti, 30 iyul 2025-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 660)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver