Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
1.1. dövlət borcu - Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;
1.2. daxili dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
1.3. xarici dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
1.4. dövlət zəmanəti – əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının bu Qanunla müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyi;
1.5. dövlət borcalması – Azərbaycan Respublikası adından qaytarılma şərtləri Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri olan borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;
1.6. dövlət borcunun və dövlət zəmanətinin reyestri - dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə bu Qanunla müəyyənləşdirilmiş qaydada aparılan reyestr;
1.7. əsas borcalan – dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxs;
1.8. istifadəçi – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs və ya dövlət orqanı;
1.9. təkrar müqavilə - müvafiq icra hakimiyyəti orqanı ilə əsas borcalan, istifadəçi və ya təkrar borcalan arasında bağlanılan, dövlət borcalmaları və /və ya dövlət zəmanəti ilə alınmış vəsaitin bölüşdürülməsi, istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) şərtlərini müəyyənləşdirən müqavilə;
1.10. təkrar borcalan - dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulmayan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs;
1.10-1. dövlət borcunun təkrar maliyyələşdirilməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yeni dövlət borcalması vasitəsilə cəlb edilmiş maliyyə vəsaitləri hesabına mövcud dövlət borcunun bağlanılması;
1.11. Təminat Fondu – bu Qanunun 13.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu.