11.1. Dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən əsas borcalan aşağıdakı sənədləri təqdim etməlidir:
11.1.1. təşkilati-hüquqi formasını müəyyən edən sənəd;
11.1.2. əsas borcalanın və ona xidmət edən kredit təşkilatının (təşkilatlarının) bank rekvizitləri;
11.1.3. dövlət zəmanəti tələb edilən maliyyə vəsaitini verən kredit təşkilatı və ya başqa təşkilatla bağlanmış müqavilənin və ya müqavilə layihəsinin surəti;
11.1.4. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;
11.1.5. müstəqil auditor tərəfindən təsdiqlənmiş son iki il üçün maliyyə hesabatları;
11.1.6. dövlət büdcəsi qarşısında öhdəlikləri barədə müvafiq icra hakimiyyəti orqanının məktubu;
11.1.7. kredit bürosundan əsas borcalana aid kredit hesabatı, həmçinin əsas borcalanın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat;
11.1.8. buraxdığı qiymətli kağızlara dair məlumat;
11.1.9. investisiya layihəsinə aid sənədlər, o cümlədən zəmanət tələb edilən kreditlərin qaytarılma mənbələri, zəmanətin qüvvədə olduğu müddətdə layihə üzrə gəlirlərin proqnozu və onun bölgüsü planı;
11.1.10. tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakı barədə məlumat (likvid aktivlər ayrıca göstərilməklə);
11.1.11. əmlakının girovu, yaxud ipoteka müqavilələri barədə məlumat.
11.2. Dövlət zəmanətinin verilməsi ilə bağlı qərar qəbul edilərkən layihənin dövlət zəmanəti olmadan maliyyələşdirilməsinin mümkünlüyü əsas borcalanın zəmanət verilmiş kreditlər üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti, dövlət investisiya proqramına uyğunluğu, əvvəllər aldığı borclar üzrə öhdəliklərinin və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi nəzərə alınmalıdır.
11.3. Müvafiq icra hakimiyyəti orqanı dövlət zəmanətinin verilməsi ilə bağlı əsas borcalandan verilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.
11.4. Dövlət zəmanəti ilə borc almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar əsas borcalandan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi əsas borcalanın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya əsas borcalan tərəfindən təmin edilir.