8.1. Dövlət borcalmaları və ya dövlət zəmanəti əsasında cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və müqavilə ilə müəyyən edilmiş müddətlərdə qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
8.2. Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda, onların borc öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
8.2-1. Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xarici dövlət borcunun uçotunda əks etdirilir.
8.3. Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.