"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 fevral 2007-ci il
1.1. Bu Qaydalar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə məxsus bank hesablarından büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin kassa icrasının xarici valyuta ilə həyata keçirilməsini və hesab qalıqlarının dövri olaraq yenidən qiymətləndirilməsi mexanizmini tənzimləyir.
1.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xəzinə hesablarına xarici valyutada daxil olan gəlirlərin və bu hesablardan ödəniləcək xərclərin kassa icrasının bu Qaydalara uyğun olaraq həyata keçirilməsi büdcə vəsaitləri üzrə xarici valyutada daxilolmaların həcminin artması nəticəsində yaranan valyuta qalıqlarının daha çevik və məzənnə fərqinə görə yarana biləcək itkilərə yol verməməklə istifadə edilməsi, uçot və hesabat prosesində ayrı-ayrı dövlət orqanları arasında uyğunluğun təmin edilməsi və valyuta qalıqlarının yenidən qiymətləndirilməsi üzrə beynəlxalq uçot standartlarının tətbiq edilməsi məqsədini daşıyır.
2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. xarici valyutada daxil olan büdcə gəlirləri - Azərbaycan Respublikasında neft yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən xarici hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və Naxçıvan MR-in büdcəsinə köçürülən vergi ödənişləri və xarici dövlətlərdən və təşkilatlardan dövlət borcu kimi daxil olan vəsaitlər, xarici dövlət və təşkilatlara verilən borclardan qaytarılan vəsaitlər və xarici valyutada alınan əvəzsiz yardımlardır.
2.1.2. xarici valyutada aparılan büdcə xərcləri - dövlət büdcəsindən və Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatların aldıqları mal, iş və xidmətlərə, xarici beynəlxalq maliyyə qurumlarına və digər qurumlara ödənilən üzvlük haqlarına, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdə pay iştirakına və bu kimi digər xərclərə görə Azərbaycan Respublikasının hüdudlarından kənara edilən ödənişlər, həmçinin xarici dövlət borclarına görə qaytarmalardır.
3.1. Dövlət Xəzinədarlığından büdcə vəsaitləri üzrə gəlir və xərclərin xarici valyuta ilə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında müvafiq xarici valyutalar üzrə hesablaşma hesabları açılır.
3.2. Xarici valyutada daxil olan büdcə gəlirləri həmin gün vahid büdcə təsnifatına əsasən həm daxil olduğu valyuta, həm də Azərbaycan Respublikası Mərkəzi Bankının əməliyyat günü üçün müəyyən etdiyi rəsmi mübadilə məzənnəsi ilə milli valyutada xəzinədarlıq tərəfindən qeydə alınaraq, büdcənin icrasına dair hesabatlarda əks etdirilir.
3.3. Xarici valyuta ilə ödənilən büdcə xərcləri kredit sərəncamçısı olan büdcə təşkilatlarının sifarişi əsasında həyata keçirilir və bu əməliyyatlar həm onların icra olunduğu valyuta, həm də Azərbaycan Respublikası Mərkəzi Bankının əməliyyat günü üçün müəyyən etdiyi rəsmi mübadilə məzənnəsi ilə milli valyutada xəzinədarlıq tərəfindən qeydə alınaraq, büdcənin icrasına dair hesabatlarda əks etdirilir.
3.4. Xarici valyuta ilə aparılan xərc əməliyyatları yalnız ölkə xaricinə yönəldilən maliyyə ödənişləri ilə məhdudlaşdırılır (xarici valyuta qalıqlarının milli valyutaya çevrilməsi əməliyyatları istisna olmaqla).
3.5. Azərbaycan Respublikasında neft yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən xarici hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və Naxçıvan MR-in büdcəsinə köçürülən vergi ödənişlərindən geri qaytarmalar xarici valyutada aparıla bilər.
3.6. Hər hesabat ayının sonunda xarici valyuta hesablarının qalıqları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Beynəlxalq mühasibat hesabatlığının prinsiplərinə riayət olunaraq yenidən qiymətləndirilir və məzənnə fərqindən yaranan və milli valyuta ilə ifadə edilən qazanc və ya itkilər müvafiq uçot qaydalarına uyğun olaraq qeydə alınır.
3.7. Valyuta qalıqlarının yenidən qiymətləndirilməsindən əmələ gələn qazanc və ya itkilər barədə dövri hesabatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2000-ci il 8 dekabr tarixli İ-182 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların qəbulu və baxılmasının təşkili Qaydaları"na əsasən tərtib olunur və müvafiq orqanlara təqdim edilir.
1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)
2. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)
3. 17 dekabr 2019-cu il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2064)
4. 4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662)