“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1347 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət Əməyin Mühafizəsi Fondu yaradılsın.
2. “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 27 sentyabr 2019-cu il
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 221-ci maddəsinin birinci və dördüncü hissələrinə əsasən hazırlanmışdır və Dövlət Əməyin Mühafizəsi Fondunun (bundan sonra – Fond) idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.
1.2. Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.
1.3. Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;
2.1.2. müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.
2.2. Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.
2.3. Fondun vəsaitlərindən istifadə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Nazirlik tərəfindən hər il üçün təsdiq olunan gəlir və xərclər smetası əsasında həyata keçirilir.
2.4. Fondun hesabında ilin sonuna qalan xərclənməmiş vəsait “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir.
2.5. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.
2.6. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.
2.7. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
2.7.1. əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;
2.7.2. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına;
2.7.3. əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına;
2.7.4. əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə;
2.7.5. əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);
2.7.6. əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
2.7.7. Nazirlik sistemində işçilərin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına;
2.7.8. əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə;
2.7.9. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsinə.
2.8. Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.
2.9. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.
1. 15 aprel 2024-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 aprel 2024-cü il, “Xalq” qəzeti, 17 aprel 2024-cü il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 461)
2. 20 fevral 2025-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 fevral 2025-ci il, “Xalq” qəzeti, 22 fevral 2025-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 192)
3. 17 mart 2026-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 18 mart 2026-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 284)