1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır;
1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir;
1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;
1.0.5. dövlət özəlləşdirmə payı - dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur;
1.0.6. dövlət özəlləşdirmə opsionu - xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağızdır;
1.0.7. özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir;
1.0.8. yerli investor - Azərbaycan Respublikasının vətəndaşları təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 %-dən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər;
1.0.9. xarici investor - əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 %-dən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləridir;
1.0.10. strateji investor - müəssisəyə yeni texnologiya və nou-xaunu cəlb etmək imkanına malik, müəssisənin fəaliyyətində və idarəçiliyində bilavasitə iştirak etmək niyyəti olan və həmin sahədə böyük idarəçilik və istehsal təcrübəsinə malik olan hüquqi şəxsdir.