Qanunvericilik › Dövlət icra məmurlarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2000) › Tam mətn

Dövlət icra məmurlarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2000)

Dövlət icra məmurlarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.05.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİNİN QƏRARI

“Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli, 246 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət icra məmurlarının fəaliyyətinə nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 may 2000-ci il

1. Bu Qayda “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli, 246 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət icra məmurlarının (bundan sonra – icra məmurları) fəaliyyətinə nəzarət qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla icra məmurlarının fəaliyyətinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidməti, Probasiya xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

3. İcra məmurlarının fəaliyyəti ilə əlaqədar Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş şikayət və ərizələr, şikayətlərin daxilolma səbəbləri, ümumi statistik məlumatlar, məhkəmələrin məhkəmə qərarlarının icrası ilə bağlı məlumatları və s. təhlil edilir və yoxlama aparan şəxs tərəfindən yoxlamanın planı hazırlanır. Bu plan ədliyyə naziri tərəfindən təsdiq edilir.

II. İcra və probasiya nəzarəti ilə əlaqədar icra məmurlarının fəaliyyətinin yoxlanılması

1. İcra ilə əlaqədar icra məmurlarının fəaliyyəti yoxlanılarkən yoxlama aparan şəxs birinci növbədə tamamlanmamış icra icraatlarını diqqətlə öyrənir, hər bir icra olunmamış işlə tanış olur, ləngimənin səbəblərini öyrənir, zəruri hallarda icranın tezləşdirilməsi barədə göstəriş verir. Ləngimənin həqiqi səbəblərinə dair şübhə yarandıqda, yoxlama aparan şəxs yaranmış şübhələri aradan qaldırmaq məqsədi ilə borclunu söhbət üçün dəvət edə bilər.

2. Tamamlanmış icraatların yoxlanılması onların inventarlaşdırılmasından başlayır. Bütün icra icraatları sıra nömrəsi ilə qeydə alınır və onların qeydiyyat kitabında qeydə alınması yoxlanılır. Uyğunsuzluqlar müəyyən edildikdə onun səbəblərini aydınlaşdırmaq və aradan qaldırmaq üçün tədbirlər görülməlidir.

3. Eyni zamanda icra sənədlərinin özlərinin hazırlanmasının düzgünlüyü, onlarda icra məmurları tərəfindən həyata keçirilən icra hərəkətlərinin əks edilməsi, borcluya bildirişin verilməsi, borclunun əmlak vəziyyətinin yerində yoxlanılması üçün oraya gedilməsi, əmlakın siyahıya alınması və ya onun üzərinə həbs qoyulması, pulun borclu tərəfindən banka və ya icra məmuruna ödənilməsi, vəsaitlərin icra xidmətinin depozit hesabına köçürülməsi və ondan istifadə edilməsi, tutulan məbləğin tələbkara göndərilməsi üçün poçt göndərişinin tərtib edilməsi, tələbkara pulun alınması üçün çekin verilməsi, icra prosesində icra hərəkətlərinin təxirə salınmasının əsaslılığını, elektron hərracların və ya dəyəri 5000 manatdan az olan daşınar əmlakın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışının həyata keçirilməsi üçün sifarişlərin verilməsini, tələblərin təmin edilməsinin növbəliyini və s. öyrənilir. Məhkəmə və digər orqanların qərarlarının icra edilməsi ilə əlaqədar icra məmuruna daxil olmuş sənədlər onların aid olduqları icra icraatlarında olmalıdır.

4. Bundan başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış məhkumlara, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini yoxlayır.

5. Həmçinin yoxlama aparan şəxs müvafiq işin təşkilində icra və probasiya qurumlarının rəhbərlərinin hakimlərin və məhkəmə sədrinin rolunu, icra məmurunun fəaliyyətinə nəzarət edib-etməmələrini, məhkəmə işçilərinin əməliyyat müşavirələrində məhkəmə qərarlarının icrası işinin müzakirə olunub-olunmamasını, hakim tərəfindən icra məmuruna praktik yardımın göstərilib-göstərilməməsini öyrənir.

III. Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar icra məmurlarının fəaliyyətinin yoxlanılması

Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar icra məmurlarının fəaliyyəti yoxlanılarkən, birinci növbədə, onların qüvvədə olan qanunvericilik aktlarına riayət etmələri, vəzifə borclarını layiqincə yerinə yetirmələri, onlara tapşırılmış sahəni təmin etmələri, müəyyən olunmuş qaydalara riayət etmələri, tutduğu vəzifədə tabeçilik prinsiplərinə əməl etməsi yoxlanılır.

IV. Yoxlamanın nəticələri ilə bağlı tədbirlər

1. Yoxlamanın nəticələrinin həyata keçirilməsinin məqsədi işdə olan çatışmazlıqların və pozuntuların, onları yaradan səbəblərin aradan qaldırılması, işin təşkilinin müsbət forma və metodlarının təbliği, onların gündəlik təcrübədə tətbiq edilməsidir.

2. Yoxlamanın gedişatında yoxlama aparan şəxs icra məmuru ilə konkret işin öyrənilməsi zamanı aşkar edilmiş hər bir pozuntu üzrə ətraflı söhbət aparır, bu pozuntunun məzmununu aydınlaşdırır və onun səbəblərini müəyyən edir. Yoxlama aparan şəxs vətəndaşların pozulmuş hüquq və maraqlarının bərpa edilməsi üçün tədbirlər görməyə borcludur. Bu zaman yoxlama aparan şəxs icra məmurunun yol verdiyi pozuntulara görə məsuliyyət dərəcəsini qiymətləndirməlidir.

3. Yoxlamanın nəticələri üzrə arayış hazırlanır və orada görülmüş işin vəziyyətinin ümumi xarakteristikası verilir, həm müsbət cəhətlər, həm də aşkar edilmiş çatışmazlıqlar və onların səbəbləri qeyd olunur. Yoxlamanın nəticələri məhkəmədə və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməliyyat müşavirələrində müzakirə edilir.

1. 17 may 2002-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 317)

2. 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)

3. 15 mart 2006-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 303)

4. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

5. 12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1040)

6. 23 fevral 2016-cı il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 603)

7. 10 aprel 2017-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 625)

8. 2 oktyabr 2018-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2018-ci il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2140)

9. 21 sentyabr 2024-cü il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1100)

10. 9 dekabr 2025-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 dekabr 2025-ci il, “Xalq” qəzeti, 16 dekabr 2025-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1231)

11. 19 mart 2026-cı il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 mart 2026-cı il, “Xalq” qəzeti, 7 aprel 2026-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 289)

12. 29 aprel 2026-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2026-cı il, “Xalq” qəzeti, 8 may 2026-cı il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 387)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver