“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanları bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 yanvar 2018-ci il
1.1. Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə Normativləri (bundan sonra – Normativlər) “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin büdcədən maliyyələşdirilməsi üçün saxlanma xərclərinin proqnozlaşdırılması məqsədilə hazırlanmışdır.
1.2. Bu Normativlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədilə tətbiq edilir.
2.1. Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:
2.1.1. “Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativlərinin hesablanması
“Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.
“Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir;
2.1.2. “Əməkhaqqına görə ayırmalar” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir;
2.1.2.1. “Məcburi dövlət sosial sığorta haqları” xərc normativinin hesablanması
Bu təyinat üzrə xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nmdssh - illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF - illik əməkhaqqı fondu, MDSSH - işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir;
2.1.2.2. “İcbari dövlət sığortası” xərc normativinin hesablanması
Bu təyinat üzrə xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nids - illik icbari dövlət sığortası norması (manatla), ƏHF - illik əməkhaqqı fondu, İDS - işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödənilir;
2.1.2.3. “İcbari tibbi sığorta” xərc normativinin hesablanması
Bu təyinat üzrə xərc normativinə icbari tibbi sığorta ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nits - illik icbari tibbi sığorta norması (manatla), ƏHF - illik əməkhaqqı fondu, İTS - işçilərin hesablanmış əməyin ödənişi fondunun və icbari tibbi sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.
Qeyd. İcbari tibbi sığorta ilə bağlı xərclərin ödənilməsinin tətbiqinə başlanıldıqdan sonra həmin xərclər üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.2.4. “İşsizlikdən sığorta” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nis - illik işsizlikdən sığorta norması (manatla), ƏHF - illik əməkhaqqı fondu, İS - işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir;
2.1.3. “Dəftərxana və təsərrüfat xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət, dəftərxana və təsərrüfat ləvazimatlarının, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, poçt nişanlarının alınması, idarədə istifadə olunan bütün növ mal və materialların, printerlər üçün tonerlərin, kartriclərin alınması, həmçinin bu qəbildən olan digər xərclər daxildir.
Normativin hesablanması:
Ndt = Su * Syl * Qyl + DX
Burada, Ndt - dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Su - uşaqların sayı, Syl - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi” (bundan sonra – istehlak səbəti) əsasında hazırlanmış minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası (bundan sonra – Metodika) ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qyl - cari il üçün müəyyənləşdirilən yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, DX - illik dəftərxana və təsərrüfat xərclərinin 10 faizi həcmində digər xərclərdir;
2.1.4. “Mətbəə məhsulları üzrə xərclər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dəftərxana işlərinin təşkili üzrə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin hazırlanması və çapı, mətbəə və nəşr ilə əlaqədar, həmçinin maarifləndirmə (təbliğat-təşviqat) və reklam xarakterli çap materiallarının (məhsullarının) hazırlanması və ya alınması xərcləri, mətbəə üçün sərfiyyat materiallarının (mətbəə avadanlıqları üçün kartriclərin, tonerlərin və mətbəə üçün müxtəlif növ sərfiyyat materiallarının) alınması və bu qəbildən olan digər xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nmm - mətbəə xərclərinin illik norması (manatla), Su - uşaqların sayı, Smm - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli Qərarına əsasən təsdiq edilmiş metodikaya uyğun olaraq il ərzində orta hesabla adambaşına düşən mətbəə məhsullarının sayı, Qmm - cari il üçün müəyyənləşdirilən mətbəə məhsullarının qiymətlərinin yuxarı həddidir;
2.1.5. “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsilverənlər (pedaqoji işçilər) və digər işçilər üçün paltarların, geyimlərin, ayaqqabıların alınması, körpə və uşaqlar üçün yataq ləvazimatlarının və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Ny = Si * Qpga + Su * Qyd - Dmy
Burada, Ny - yumşaq inventar, yataq ləvazimatları və uniformaların illik alış norması (manatla), Si - təhsilverənlərin (pedaqoji işçilərin) və digər işçilərin sayı, Qpga - paltarların, geyimlərin və ayaqqabıların qiyməti, Su - dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan körpə və uşaqların sayı, Qyd - yataq dəstinin (balışın, ağların, yorğanın və döşəyin) və uniformanın qiyməti, Dmy - cari ildə mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.
İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin amortizasiya müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”nin “2. Qeyri-qida məhsulları” bölməsinə uyğun orta hesabla adambaşına düşən istehlak həcminə, satınalma qiymətlərinin yuxarı həddi isə müvafiq dövr üçün müəyyən olunan real bazar qiymətlərinə uyğun olaraq həyata keçirilir;
2.1.6. “Qida məhsullarının alınması və təminatı” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrinin tipindən, yaş qrupundan, uşaqların qalma müddətindən (saatla) asılı olaraq, uşaqlar üçün qida məhsullarının alınmasına sərf edilən xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nə - dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların illik qida norması (manatla), N1gə - dövlət məktəbəqədər təhsil müəssisəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş gündəlik qida norması, Qəm - cari il üçün müəyyənləşdirilən qida məhsullarının satınalma qiymətlərinin yuxarı həddi, Sg - uşaq günlərinin sayıdır (mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq olmamaq şərtilə).
Dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün qida məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”nin “1. Qida məhsulları” bölməsinə, satınalma qiymətlərinin yuxarı həddi isə müvafiq dövr üçün müəyyən olunan real bazar qiymətlərinə uyğun olaraq həyata keçirilir;
2.1.7. “Digər malların alınması” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə məktəbəqədər və rəsm ləvazimatlarının (rəngli karandaşların, flomaster qələmlərinin, rəsm albomlarının və s.) materiallarının (oyun xəmirinin, rəngli kağızların, plastmas-rezin çubuqların və s.) təlim-tərbiyə məşğələləri üçün inventarların (oyuncaqların, stol-stulların, kiçik yazı löhvələrinin və s.), məktəbəqədər təhsil proqramlarının və digər sənədlərin alınması ilə bağlı xərclər daxildir. Xərc normativinin hesablanması məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında aparılır.
Normativin hesablanması:
Ndax = Su * Sas * Qa - Dma + Hdx
Burada, Ndax - digər alışlar və xidmətlər üzrə illik norma (manatla), Su - əyani vəsaitdən istifadə edən uşaqların sayı, Sas - alışların siyahı üzrə sayı, Qa - cari il üçün müəyyənləşdirilən aidiyyəti alışların satınalma qiymətlərinin yuxarı həddi, Dma - cari ildə mövcud istifadə olunan digər alışların dəyəri, Hdx - cari ildə müəyyənləşdirilən digər xidmətlərin haqqının yuxarı həddidir;
2.1.8. “Tikili və avadanlıqların cari təmir xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə əmlakın, o cümlədən tikili və avadanlıqların texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən cari təmir işləri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nct - illik cari təmir norması (manatla), Dəf - əsas fondların dəyəri, Əamort - əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır. Bu əmsal ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə təlimatla müəyyən edilir;
2.1.9. “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə nəqliyyat vasitələrinin texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə sərf olunan məbləğlər daxildir. Bu maddəyə həmçinin nəqliyyat vasitələrinin cari təmiri ilə bağlı mal-materialların alınması üzrə xərclər də daxildir.
Normativin hesablanması:
Nnəq = Nys + Əehct + Əət
Burada, Nnəq - nəqliyyat xidmətlərinin illik xərc normativi (manatla), Nys – bütün növ nəqliyyat vasitələri üzrə cəmi illik yanacaq və sürtkü materiallarının alınması xərci, Əehct – aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri, Əət – təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) nəqliyyat vasitələrinin cari təmir xərcidir;
2.1.10. “Elektrik enerjisi haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin və sabit tarifin ödənilməsi ilə bağlı xərclər daxildir.
Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla və sabit tariflə bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir;
2.1.11. “Qaz haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin və sabit tarifin ödənilməsi ilə bağlı xərclər daxildir.
İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı və sabit tarif əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.12. “Su haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrində istifadə olunan suyun dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Sayğac göstəricilərinə əsasən istifadə olunmuş suyun ortaillik sərfiyyatına uyğun təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.13. “Kanalizasiya xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrində kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Sayğac göstəricilərinə əsasən istifadə olunmuş suyun ortaillik sərfiyyatına uyğun kanalizasiya xidmətləri üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.14. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə istilik enerjisini yarada biləcək mal-materialların (odun, kömür, ağ neft, mazut və s.) dəyərinin ödənilməsi, elektrik və istilik enerjisi istehsal edən generator və digər avadanlıqlar üçün yanacaq və sürtkü materiallarının alınması, habelə mərkəzləşdirilmiş istilik sistemi olan qazanxanalar tərəfindən göstərilmiş xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxildir;
2.1.15. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə elektrik, rabitə, qaz, su və digər kommunal xətlərin çəkilişi, tullantıların ləğvi və daşınması, tüstü bacalarının təmizlənməsi, camaşırların və binalarda şüşələrin yuyulması, kanalizasiya xətləri olmayan yerlərdə çirkab suların daşınması, kommunal xidmətlərdə istifadə olunan smart kartların hazırlanması üçün xərclərin ödənilməsi və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir.
Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində (əvvəlki illərin faktiki sərfiyyatı əsasında) həyata keçirilir.
Dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına);
2.1.16. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə respublika daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və digər xidmətlərlə bağlı xərclər, abunə haqlarının ödənilməsi xərcləri və bu növ digər xərclər daxildir.
Normativin hesablanması:
Burada, Nöt - illik ölkədaxili telefon danışıq haqlarının ödənilməsi normativi (manatla), St - təşkilatda mövcud olan telefon nömrələrinin sayı (telefon nömrələrinin sayının 3-dən artıq olmaması şərtilə), Hab - bir nömrənin illik abunə haqqıdır;
2.1.17. “Poçt xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən məktub və bütün növ poçt və teleqramların göndərilməsi, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinin faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.18. “İnternet xidməti haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən internet xidmətindən istifadəyə görə ödənişlər daxildir.
Normativin hesablanması:
Burada, Ni - illik internet xidməti haqlarının ödənilməsi norması (manatla), Sit - təşkilatda internet şəbəkəsinə çıxışı olan telefon nömrələrinin sayı, Hi - internet xidmətləri haqqıdır;
2.1.19. “İcarə və muzdlu xidmətlər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən cari məqsədlər üçün binaların, sahə və otaqların icarəsi haqqı, avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinin faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında müvafiq xidmətlər üzrə xərc smetasının maliyyə ekspertizası aparılmaqla vəsaitin proqnozlaşdırılması həyata keçirilir;
2.1.20. “Mühafizə xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinin mühafizə xərcləri üzrə ayırmaları daxildir. Büdcə xərclərinin planlaşdırılması “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada bağlanılmış ikitərəfli müqavilə əsasında göstərilən xidmətin növünə və yerləşmə yerinə görə müvafiq büdcə təşkilatının sifarişi əsasında həyata keçirilir;
2.1.21. “Əsas fondlara xidmət haqqı xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə hesablama texnikası və avadanlıqlara göstərilən xidmət haqları, soyutma və isitmə sistemlərinə xidmət haqlarının ödənilməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır;
2.1.22. “Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dezinfeksiya xərcləri, sanitariya-gigiyena xərcləri, bina və tikililərin fasadlarının yuyulması və təmizlənməsi, nəqliyyat vasitələrinin yuyulması və təmizlənməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır;
2.1.23. “Ölkədaxili ezamiyyətlər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə respublika daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nez = Sez * Sg * N1g+ Sez * YXgg
Burada, Nez - illik ölkədaxili ezamiyyətlər və xidməti səfərlərin norması (manatla), Sez - ezamiyyətlərin sayı, Sg - bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1g - ölkədaxili ezamiyyətlərin və xidməti səfərlərin birgünlük norması, YXgg - bir ölkədaxili ezamiyyə üzrə gediş-gəliş yol xərcidir;
2.1.24. “İstehlakyönlü müxtəlif xidmətlər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə bayram tədbirlərinin təşkili, keçirilməsi və iştirak xərcləri, ekskursiyaların keçirilməsi, məktəbə-qədər təhsil müəssisələrinin hazır yemək təminatının ödənilməsi, yanğınsöndürən balonların, kartriclərin, tibbi və digər avadanlıqların doldurulması, mətbuatda elan, bildiriş, arxivə verilmiş sənədlərə xidmət haqqının ödənilməsi, sənədlərin cildlənməsi, tikilməsi, guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, əmlakın sığortalanması ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir;
2.1.25. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən abadlaşdırma xidmətlərinin göstərilməsi ilə bağlı xərclər daxildir. Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir;
2.1.26. “Maşın və avadanlıqlar” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən digər maşın və qeyri-istehsal avadanlıqlarının (elektrik generatorları, kompüterlər, printerlər, skanerlər, surətçıxaran maşınlar, fakslar, telefon aparatları, musiqi alətləri, televizorlar, paltaryuyan, paltartikən və qabyuyan maşınlar, soyuducular, kondisionerlər, tozsoranlar, dispenserlər, digər maşın və avadanlıqlar) alınması ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nma = Sma * Qma - Dmma
Burada, Nma - digər maşın və avadanlıqların illik alış norması (manatla), Sma - Metodika ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən maşın və avadanlıqların sayı, Qma - cari il üçün müəyyənləşdirilən aidiyyəti maşın və avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi, Dmma - cari ildə istifadə olunan maşın və avadanlıqların dəyəridir;
2.1.27. “Sair torpaq, tikili və avadanlıqlar” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə iş vaxtı fəaliyyətinin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, asılqanlar, qarderoblar, inventar taraları, çarpayılar, kovrolit örtük və xalçalar, portyerlər, jalüzlər) və bu qəbildən olan digər təsərrüfat inventarlarının alınması və quraşdırılması ilə bağlı xərclər daxildir.
Xərc normativinin hesablanması dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında faktiki tələbata uyğun aparılır;
2.1.28. “Qeyri-yaşayış binalarının əsaslı təmiri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun müəyyən edilir;
2.1.29. Normativlərə daxil edilməyən, lakin ödənişi zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər, analıq məzuniyyətinə çıxan qadınlara və 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənilən müavinətlə bağlı xərclər, əmək qabiliyyətini müvəqqəti itirməyə görə işçilərə ödənilən müavinətlər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət, bank xərcləri və qanunvericilikdə nəzərdə tutulan digər zəruri xərclər) üzrə ödəmələr faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının sifarişləri əsasında həyata keçirilir.
1. 8 sentyabr 2020-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2020-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1203)
2. 27 yanvar 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 100)
3. 15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404)
4. 14 yanvar 2026-cı il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 82)
5. 9 iyun 2026-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)