Qanunvericilik › “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.11.2020) › Tam mətn

“Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.11.2020)

“Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.11.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 881 nömrəli Sərəncamının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 noyabr 2020-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi qaydasını müəyyən edir.

1.2. Tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi elmi tədqiqat işlərinin aparılması məqsədilə tədqiqat infrastrukturunun qabaqcıl texnoloji avadanlıqlarından (bundan sonra – avadanlıq) istifadəyə razılıq verilməsi və müqavilə əsasında həmin avadanlıqlardan tədqiqatçıların istifadəsini nəzərdə tutur.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. tədqiqat infrastrukturu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 340 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”na uyğun olaraq ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinə daxil edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar;

1.3.2. tədqiqatçı – elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak edən ali təhsilli şəxs.

1.4. Tədqiqat infrastrukturunun avadanlığından istifadəyə razılıq alınması ilə əlaqədar tədqiqatçı və tədqiqat infrastrukturu arasında münasibətlər, bu Qaydanın tələbləri nəzərə alınmaqla, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

2.1. Tədqiqat infrastrukturunun avadanlığından istifadə etmək istəyən tədqiqatçılar bu məqsədlə tədqiqat infrastrukturunun reyestrinin yerləşdiyi elektron portalda “Tədqiqatçının elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra elektron ərizə ilə müraciət edirlər.

2.2. Elektron ərizəyə tədqiqat infrastrukturunun rəhbəri tərəfindən 5 (beş) iş günü müddətində baxılır.

2.3. Tədqiqat infrastrukturunun avadanlığından istifadə mümkün hesab edildikdə, tədqiqatçının həmin avadanlıqdan istifadəsinə razılıq verilməsi və bu avadanlıqdan istifadə ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanılması barədə qərar qəbul edilir.

2.4. Tədqiqat infrastrukturunun avadanlığından istifadə mümkün hesab edilmədikdə, avadanlıqdan istifadəyə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış imtina qərarı qəbul edilir. İmtina qərarı aşağıdakı hallarda qəbul edilir:

2.4.1. həyata keçiriləcək elmi tədqiqat layihəsinin avadanlığın texniki sənədlərində göstərilən elm sahəsinə, təyinatına, texniki və texnoloji göstəricilərinə uyğun olmaması səbəbindən avadanlıqda həmin elmi tədqiqat layihəsinin icrası mümkün hesab edilmədikdə;

2.4.2. avadanlıq ərizədə göstərilən istifadə müddətində digər tədqiqatçının istifadəsində olduqda;

2.4.3. müraciətin daxil olduğu vaxt avadanlıq qeyri-işlək vəziyyətdə və ya təmirdə olduqda;

2.4.4. fors-major halları səbəbindən avadanlığın istifadəyə verilməsi ilə bağlı xidmətlərin göstərilməsi mümkün olmadıqda.

2.5. Avadanlıqdan istifadə ilə bağlı müraciətə bu Qaydanın 2.4.2-2.4.4-cü yarımbəndlərinə əsasən imtina verildikdə, tədqiqatçı həmin qərarda ilkin olaraq təklif edilmiş istifadə müddətinə yaxın alternativ tarixlər barəsində məlumatlandırılır.

2.6. Müraciətə baxılması ilə bağlı qərar “Tədqiqatçının elektron şəxsi kabineti” vasitəsilə tədqiqatçıya çatdırılır.

2.7. İmtina qərarı ilə razı olmayan tədqiqatçı həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

3.1. Tədqiqat infrastrukturunun avadanlığından istifadəyə razılıq verilmiş tədqiqatçılarla tədqiqat infrastrukturu arasında bu Qaydanın əlavəsindəki Nümunəvi Formaya uyğun müqavilə bağlanılır.

3.2. Müqavilə bağlanıldıqdan sonra tədqiqat infrastrukturunun avadanlığından istifadə etmək üçün tədqiqatçıya tədqiqat infrastrukturu tərəfindən buraxılış vərəqəsi verilir.

3.3. Tədqiqatçı avadanlıqdan sərbəst istifadəyə tədqiqat infrastrukturunun təşkil etdiyi avadanlıqdan istifadəyə hazırlıq təlimini müvəffəqiyyətlə başa vurduqdan və səlahiyyətli şəxs tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair yazılı surətdə təlimatlandırıldıqdan sonra buraxılır. Təlimat və təhlükəsizlik texnikası ilə bağlı tələblər avadanlığın yerləşdirildiyi otaqda aydın görünən yerdən asılır.

3.4. Təlim və avadanlıqdan istifadəyə nəzarət tədqiqat infrastrukturunun avadanlığının təhkim olunduğu struktur bölməsinin rəhbəri tərəfindən həyata keçirilir.

3.5. Tədqiqatçılar tədqiqat infrastrukturunun avadanlığından istifadə zamanı həmin avadanlığın qorunub saxlanmasını təmin etməli, onu işlək vəziyyətdə saxlamalı, ondan səmərəli istifadə etməli, habelə əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə, o cümlədən avadanlığın istehsalçısının bu avadanlıqdan istifadə üzrə təlimatının tələblərinə riayət etməlidirlər.

3.6. Tədqiqatçıların tədqiqat infrastrukturunun avadanlığından istifadəsi zamanı həmin avadanlığa dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq tədqiqatçı tərəfindən ödənilməlidir.

3.7. Tədqiqat infrastrukturu aparılan elmi tədqiqat işlərinin konfidensiallığını və tədqiqatçıların əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edir.

________________________________ ________________________

(müqavilənin bağlanıldığı yer) (gün, ay, il)

Bundan sonra “İcraçı” adlandırılacaq ____________________________________________

onun rəhbəri ____________________________________ şəxsində bir tərəfdən və bundan

(vəzifəsi, adı, atasının adı və soyadı)

sonra “Sifarişçi” adlandırılacaq tədqiqatçı _______________________________________

_______________________________ digər tərəfdən (bundan sonra – Tərəflər), aşağıdakı şərtlərlə bu müqaviləni (bundan sonra – Müqavilə) bağladılar:

1.1. Müqaviləyə əsasən İcraçı _______________________________________________

______________________________________________________________________________

_________________________________________ avadanlığın (bundan sonra – avadanlıq)

“_____________________________________________________________________________”

mövzusunda elmi tədqiqat layihəsinin aparılması məqsədilə həmin avadanlıqdan Sifarişçinin müddətli istifadəsinin təmin edilməsi üzrə xidmətlər göstərməyi, Sifarişçi isə həmin xidmətlərə görə Müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada İcraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür.

1.2. Avadanlıqdan istifadə üzrə göstərilən bütün xidmətlər İcraçının mütəxəssisləri tərəfindən həyata keçirilir.

1.3. İcraçı tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı məsul şəxs təyin edilir.

1.4. İcraçı tərəfindən xidmətlərin (Sifarişçiyə avadanlıqdan istifadənin öyrədilməsi üzrə təlimlərin keçirilməsi və Sifarişçinin avadanlıqla müstəqil işə buraxılması da daxil olmaqla) təqdim edilməsi tarixi və vaxtı aşağıdakı cədvəl üzrə müəyyən edilir:

İcraçı tərəfindən təmin edilən avadanlığın istifadəsinə dair təlimlərin keçirilməsi

Avadanlıqdan Sifarişçi tərəfindən istifadə olunması

2.1. Müqavilə üzrə Sifarişçi tərəfindən İcraçıya ödənilməli olan xidmət haqqı ___________ manat məbləğində müəyyən edilir.

2.2. Xidmət haqqının ödənişi məbləğin tam həcmdə nağdsız qaydada Tərəflərin Müqaviləni imzaladığı tarixdən etibarən 10 (on) bank günü müddətində İcraçının hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə həyata keçirilir.

3.1. İcraçının hüquqları:

3.1.1. avadanlığın Müqavilənin predmetinə uyğun istifadəsinə nəzarət etmək;

3.1.2. Sifarişçi avadanlıqdan istifadəyə hazırlıq üzrə təlimi müvəffəqiyyətlə başa vurmadıqda, onu təkrar təlimə cəlb etmək;

3.1.3. Sifarişçi avadanlıqdan istifadə qaydalarını kobud şəkildə pozduqda, onu avadanlıqdan istifadəyə buraxmamaq;

3.1.4. Sifarişçinin təqsiri səbəbindən avadanlığa vurulmuş zərərin əvəzinin ödənilməsini ondan tələb etmək.

3.2. İcraçının vəzifələri:

3.2.1. Sifarişçinin elmi tədqiqat işlərinin aparılması üçün Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə avadanlıqdan istifadəyə buraxılmasını təmin etmək;

3.2.2. Sifarişçiyə avadanlıqdan sərbəst istifadə etmək bacarıqlarını öyrətmək;

3.2.3. avadanlığın quraşdırılması, tənzimlənməsi və istismarı ilə bağlı Sifarişçiyə məsləhət, məlumat vermək, texniki və digər kömək göstərmək;

3.2.4. avadanlığın texniki xidmətini və cari təmirini həyata keçirmək;

3.2.5. Sifarişçinin elmi tədqiqat layihəsi barəsində məlumatların konfidensiallığını təmin etmək.

3.3. Sifarişçinin hüquqları:

3.3.1. İcraçı tərəfindən keçirilən avadanlıqdan istifadəyə hazırlıq təlimini müvəffəqiyyətlə başa vurduqdan sonra avadanlıqdan sərbəst istifadəyə buraxılmaq;

3.3.2. Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə avadanlıqda elmi tədqiqat işlərini həyata keçirmək;

3.3.3. avadanlıqdan istifadə etməklə əldə etdiyi əqli fəaliyyətin nəticələrinə (elmi tədqiqatların nəticələri və digər əqli mülkiyyət) müstəsna hüquqlara malik olmaq.

3.4. Sifarişçinin vəzifələri:

3.4.1. avadanlıqdan yalnız bu Müqavilənin predmetinə uyğun olaraq istifadə etmək;

3.4.2. Müqavilədə nəzərdə tutulmuş miqdarda, müddətdə və qaydada xidmət haqqını ödəmək;

3.4.3. avadanlığa münasibətdə istehsalçı tərəfindən tələb olunan istismar qaydalarına əməl etmək;

3.4.4. avadanlığın yerləşdiyi otaqda əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydalarına riayət etmək;

3.4.5. İcraçının avadanlığından istifadə etməklə əldə olunan elmi nəticələri elmi nəşrlərdə, mediada, reklam və digər çap materiallarında dərc etdirərkən həmin elmi nəticələrin İcraçının avadanlığından istifadə etməklə əldə edilməsini göstərmək.

4.1. Tərəflər Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyırlar.

4.2. İcraçı Müqavilə üzrə öhdəliklərini tam həcmdə icra etmədikdə, öhdəliklərinin icra edilməmiş hissəsinə görə xidmət haqqını Sifarişçiyə qaytarır.

4.3. Sifarişçinin təqsiri səbəbindən avadanlığa zərər vurulduqda, Sifarişçi avadanlığın təmiri (bərpası) üçün çəkilən xərclərin əvəzini ödəyir.

4.4. İcraçı xidmətlərin göstərilməsini gecikdirdikdə, Sifarişçi gecikdirilən hər gün üçün Müqavilə üzrə müəyyən edilmiş xidmət haqqının _______ faizi miqdarında dəbbə pulunun ödənilməsini İcraçıdan tələb etmək hüququna malikdir.

5.1. Tərəflər fors-major halları səbəbindən Müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra edilməməsinə görə məsuliyyət daşımırlar.

5.2. Fors-major halları səbəbindən Tərəflərdən biri Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə, həmin Tərəf fors-major hallarının baş verdiyi andan 10 (on) təqvim günündən gec olmayaraq, bu halların baş verdiyini təsdiq edən sənədləri təqdim etməklə, digər tərəfə yazılı şəkildə məlumat verir.

5.3. Fors-major halları səbəbindən İcraçı Müqavilə üzrə xidmətləri vaxtında təqdim edə bilmədikdə, Tərəflər xidmətlərin göstərilməsi və Müqavilə ilə nəzərdə tutulmuş müddətlərin dəyişdirilməsi ilə bağlı əlavə razılaşma bağlaya bilərlər.

5.4. Əgər fors-major halları 2 (iki) aydan çox müddətdə davam edərsə, Tərəflərin hər biri Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Qeyd olunan əsasla Müqavilə ləğv edilərsə, heç bir Tərəf zərərin əvəzinin ödənilməsini qarşı tərəfdən tələb etmək hüququna malik deyildir.

6.1. Müqavilə və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

6.2. Müqavilə ilə bağlı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.

6.3. Qarşılıqlı razılıq əldə edilmədikdə, Tərəflər arasında mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur.

7.1. Müqavilə ____________ müddətinə bağlanılır və Tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir.

7.2. Xidmətlərin İcraçı tərəfindən Sifarişçiyə təqdim edilməsindən sonra Tərəflər arasında təhvil-təslim aktı imzalanır. Təhvil-təslim aktının imzalanması ilə Müqavilə üzrə xidmətlər göstərilmiş hesab edilir.

8.1. Müqavilədə Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişikliklər edilə bilər. Müqavilədə edilən dəyişikliklər Tərəflərin imzaladıqları və Müqavilənin ayrılmaz hissəsi sayılan əlavə razılaşma ilə rəsmiləşdirilir.

8.2. Müqavilə Tərəflərin razılığı ilə və ya Tərəflərdən birinin tələbi ilə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada və əsaslarla ləğv edilə bilər.

9.1. Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilməklə, bir nüsxəsi Sifarişçidə, digər nüsxəsi isə İcraçıda saxlanılır.

1. 26 fevral 2024-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 237)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver