Qanunvericilik › Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.05.1998) › Tam mətn

Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.05.1998)

Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.05.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı qaydalarını tənzimləmək məqsədi ilə qərara alıram:

1. «Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu fərman qüvvəyə mindiyi günədək dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində yaradılmış səhmdar cəmiyyətlərinin emissiya prospektlərini bir ay müddətində dövlət qeydiyyatına alsın.

3. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 1998-ci il

Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında

1. Bu əsasnamə 1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na (bundan sonra — dövlət proqramı), 1996-cı il 29 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnamə»yə, habelə Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına müvafiq olaraq hazırlanmış və dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi əsasında təsis edilmiş açıq tipli səhmdar cəmiyyətlərinin (bundan sonra — səhmdar cəmiyyəti) səhmlərinin buraxılışı və qeydiyyatı qaydalarını müəyyən edir.

2. Normativ-hüquqi aktlara uyğun olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində dövlət müəssisələrinin çevrilməsi əsasında təsis edilmiş açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

3. Səhmdar cəmiyyətinin səhmlərinin buraxılışının və emissiya prospektinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (bundan sonra — DƏK) təqdimatı ilə həyata keçirilir.

4. Səhmdar cəmiyyətinin səhmləri kağızda çap edilmiş sertifikat blankları şəklində və ya hesablardakı qeydlər formasında ola bilər.

5. Səhmdar cəmiyyətinin səhmlərinin buraxılışı onlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qeydə alındıqdan və onlara dövlət qeydiyyatı nömrəsi verildikdən sonra həyata keçirilə bilər.

6. DƏK Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə səhmlərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədləri təqdim edir:

səhmlərin dövlət qeydiyyatına alınması barədə müraciət;

səhmdar cəmiyyətinin təsis sənədlərinin surəti;

səhmdar cəmiyyətinin səhmləri sertifikat blankları şəklində buraxıldığı halda səhmlərin nümunəsi;

bu əsasnamənin 13-cü bəndində göstərilən məlumatları özündə əks etdirən emissiya prospekti.

7. Emissiya prospekti dövlət proqramında və ona müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada hazırlanır və DƏK tərəfindən təsdiq edilir.

DƏK tərəfindən təsdiq edilmiş emissiya prospekti səhmlərin buraxılışı haqqında qərardır.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müraciət və lazımi sənədlər təqdim edildikdən ən geci 15 gün müddətində səhmlərin dövlət qeydiyyatına alınması barədə müvafiq qərar çıxarmalıdır.

Səhmdar cəmiyyətinin səhmlərinin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunduqda bu barədə dövlət qeydiyyatı nömrəsi və tarixi göstərilməklə DƏK-ə yazılı məlumat verilir.

9. Səhmdar cəmiyyətinin səhmlərinin dövlət qeydiyyatından imtina edilməsinə yol verilmir.

Səhmlərin qeydiyyatı yalnız bu əsasnamədə müəyyənləşdirilmiş qaydalar pozulduqda və yaxud digər normativ-hüquqi aktlarla müəyyən edilmiş tələblər pozulduqda, onun dayandırılması üçün əsas ola bilər.

Bu halda səhmlərin qeydiyyatı müraciətin təqdim olunduğu tarixdən 20 gün müddətinədək dayandırıla bilər.

10. Səhmlərin qeydiyyatı üçün təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu barədə DƏK-ə yazılı surətdə məlumat verilir. DƏK bu çatışmazlıqları aradan qaldırdıqdan və sənədləri təkrar təqdim etdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi səhmlərin buraxılışının və emissiya prospektinin dövlət qeydiyyatına alınması barədə bu əsasnamənin 9-cu bəndində göstərilən müddət ərzində qərar qəbul edir.

11. Səhmlərin və emissiya prospektinin dövlət qeydiyyatına alınması tarixi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat nömrəsi səhmdar cəmiyyətinin reyestrində qeyd olunur və sertifikat blankları şəklində buraxılıb satışa çıxarıldığı halda səhmlərin üzərində əks olunur.

12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi DƏK-ə səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması aktını təsdiq edən məktub və bir nüsxə üzərində «qeydiyyatdan keçmişdir» ştampı vurulmuş emissiya prospektini verir.

13. DƏK səhmlərin buraxılışını dövlət qeydiyyatından keçirdikdən sonra emissiya prospektini mətbuatda dərc etdirir. Mətbuatda dərc olunan emissiya prospektində aşağıdakı məlumatlar göstərilməlidir:

səhmdar cəmiyyətinin adı, hüquqi ünvanı, təsis olunma tarixi, fəaliyyət növü, nizamnamə kapitalının həcmi;

səhmlərin buraxılışı forması, səhmlərin emissiyasının miqdarı, nominal dəyəri və növü, onlarla bağlı hüquqlar, satışa çıxarılan səhmlərin miqdarı, səhmlərin satışı qaydası, satışın başlanma tarixi və yeri, səhmdarların imtiyazları haqqında təlimat.

14. Aşağıdakı hallarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən səhmlərin yenidən qeydiyyatı aparılır:

səhmdar cəmiyyəti öz nizamnamə fondunu artırdıqda və buna uyğun olaraq dövriyyəyə yeni səhmlər buraxdıqda və ya nizamnamə fondunu azaltdıqda və ona müvafiq olaraq səhmlərin müəyyən qismini dövriyyədən çıxardıqda;

səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyəri dəyişdikdə.

15. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində təsis edilmiş səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışının və onların emissiya prospektlərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qeydiyyatı zamanı dövlət rüsumu ödənilmir.

16. Azərbaycan Respublikasının Maliyyə Nazirliyində səhmlərinin buraxılışı və emissiya prospekti qeydiyyatdan keçmiş səhmdar cəmiyyətlərinin reyestrinin aparılması Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.

17. Dövlət proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində təsis edilən səhmdar cəmiyyətlərində «Qızıl səhm» buraxıla bilər.

18. «Qızıl səhm» Səhmdar Cəmiyyətinin nizamnamə kapitalında dövlətin payını əks etdirən qiymətli kağızdır.

«Qızıl səhm» onun sahibinə səhmdar cəmiyyətinin qanunvericiliyə uyğun olaraq 3/4 səs çoxluğu ilə qəbul edilən və səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən aşağıdakı qərarlarına «veto» qoymaq hüququ verir:

cəmiyyətin nizamnaməsinə dəyişikliklər edilməsi haqqında;

cəmiyyətin fəaliyyətinə xitam verilməsi haqqında;

cəmiyyətin filiallarının yaradılması və ya onların fəaliyyətinə xitam verilməsi haqqında.

19. Dövlətin adından «Qızıl səhm»in sərəncamçısı kimi DƏK çıxış edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və DƏK müəssisənin nizamnaməsində əks etdirilməklə «Qızıl səhm»in əlavə tədavül şərtlərini də müəyyən edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti DƏK-in təqdimatı əsasında «Qızıl səhm»in fəaliyyətinin növbəti müddətə (üç ilə qədər) uzadılması, «Qızıl səhm»in vaxtından əvvəl satılması haqqında qərar qəbul edə bilər.

Qanunvericiliklə müəyyən olunmuş qaydada «Qızıl səhm» satıldığı halda o, adi səhmlərə çevrilir və onun sahibinə məxsus xüsusi hüquqlar ləğv olunur.

20. Dövlətin mülkiyyətində «Qızıl səhm» ilə eyni vaxtda hər hansı digər səhm zərfinin qalmasına yol verilmir.

21. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində təsis edilmiş səhmdar cəmiyyətlərinin səhmlərinin satışı dövlət proqramına uyğun olaraq müəssisənin özəlləşdirmə planında (emissiya prospektində) nəzərdə tutulmuş qaydada DƏK tərəfindən həyata keçirilir.

14 sentyabr 2004-cü il tarixli 124 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 678)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver