Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Dövlət mülkiyyətinin özəlləşdirilməsini təmin edən aşağıdakı normativ sənədlər təsdiq edilsin (əlavə olunur):
Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında əsasnamə;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci bəndində göstərilən normativ sənədlərdə ona həvalə olunmuş məsələləri iki həftə ərzində həll etsin.
3. Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə, şirkətlərinə, konsernlərinə, baş idarələrinə, rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğusu əsasında dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün zəruri olan bütün sənədlərin və məlumatların ona verilməsini təmin etsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 1996-cı il
1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının tələblərinə uyğun olaraq hazırlanmış və tikintisi dondurulmuş, tikintisinin normatv müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin (bundan sonra «başa çatdırılmamış tikililər» adlandırılacaq) fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilməsi qaydalarını tənzimləyir.
2. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Bu zaman Dövlət Xidməti başa çatdırılmamış tikililərin satıcısı kimi çıxış edir.
3. Başa çatdırılmamış tikililər özəlləşdirilməsi məcburi sayılan obyektlərin siyahısına daxil edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qərarı ilə özəlləşdirilir.
4. Nazirliklər, dövlət komitələri, konsernləri və şirkətləri, baş idarələr, birliklər və müəssisələr, habelə müvafiq yerli icra hakimiyyəti orqanları başa çatdırılmamış tikililər barədə qısa məlumatı (obyektin layihə gücü, tikintinin başlandığı il, yenidən qiymətləndirmədən sonra başa çatdırılmamış tikilinin qiyməti və s.) rübdə bir dəfədən gec olmayaraq Dövlət Xidmətinə təqdim edirlər.
5. Özəlləşdirmə məqsədləri ilə başa çatdırılmamış tikililər təqdim edilmiş sənədlər əsasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilir. Həmin qiymətlər ilkin qiymətlər kimi qəbul edilir.
6. Ehtiyac olduqda, başa çatdırılmamış tikilinin hazırlıq dərəcəsini və görülmüş tikinti işlərinin həcmini müəyyən etmək məqsədi ilə Dövlət Xidməti obyektin sifarişçisi olmuş nazirliyin, dövlət komitəsinin, konsernin, şirkətin, birliyin, müəssisə və təşkilatlarının nümayəndələrini cəlb etməklə, bilavasitə yerlərdə baxış keçirir. Baxış nəticəsində xüsusi akt tərtib edilir.
7. Özəlləşdirilən başa çatdırılmamış tikililərin alıcıları aşağıdakılar ola bilər:
Azərbaycan Respublikasının vətəndaşları;
dövlət müəssisəsi, birliyi və təşkilatı olmayan hüquqi şəxslər;
nizamnamə kapitalında dövlətin payı 25 faizdən çox olmayan hüquqi şəxslər;
xarici hüquqi və fiziki şəxslər.
Özəlləşdirmə zamanı bir obyekt iki, yaxud bir neçə alıcı tərəfindən şərikli satın alına bilər.
8. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər ərizə, yaxud məktub formasında Dövlət Xidmətinə təqdim edilir. Həmin müraciətlərə alıcı haqqında məlumat və onun nizamnamə kapitalının tərkibini təsdiq edən sənədlər əlavə edilir.
9. Başa çatdırılmamış tikililər auksionlar və müsabiqələr vasitəsilə özəlləşdirilir.
10. Başa çatdırılmamış tikilinin tamamlanması və sonrakı istifadəsi müəyyən şərtlərin yerinə yetirilməsini tələb etdikdə həmin obyekt müsabiqə vasitəsilə özəlləşdirilir. Bu zaman obyektin xüsusiyyətlərindən asılı olaraq onun özəlləşdirilməsi kommersiya müsabiqələri, yaxud qeyri-kommersiya investisiya müsabiqələri vasitəsilə həyata keçirilir. Müsabiqə qalibi olan alıcı ilə müqavilə bağlanır. Müqavilədə alıcı tərəfindən ödənilən qiymət, tikintinin başa çatdırılma müddəti, obyektin başa çatdıqdan sonra istifadə edilmə profili və təyinatı, yeni iş yerlərinin yaradılması, alıcının məsuliyyəti və digər xüsusi şərtlər əks olunur.
11. Hər hansı başa çatdırılmamış tikilinin müsabiqədə özəlləşdirilməsi üçün Dövlət Xidmətinə cəmi bir müraciət daxil olarsa, obyekt birbaşa müqavilə şərtləri ilə həmin namizədə satılır.
12. Ortaqlığa verilmiş obyektlərin özəlləşdirilməsi müvafiq müqavilə şərtləri əsasında dövlətin pay hissəsini yenidən qiymətləndirilərək satılır.
13. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi məqsədilə keçirilən auksionları və müsabiqələri Dövlət Xidməti təşkil edir. Özəlləşdirilməsi üçün xarici fiziki və hüquqi şəxslərin müraciət etdiyi obyektlərin satışı xüsusi auksionlarda və müsabiqələrdə keçirilir. Bunun üçün başa çatdırılmamış tikilinin ilkin qiyməti beynəlxalq bazar qiymətləri əsasında müəyyən edilir.
14. Özəlləşdirilən başa çatdırılmamış tikili üzərində mülkiyyət hüququ başqasına keçdiyi üçün onun yerləşdiyi torpaq sahəsinə sahiblik yaxud istifadə etmək hüququ da qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərlə yeni mülkiyyətçiyə keçir. Həmin hüququn alıcıya keçməsi qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.
15. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi Dövlət Xidmətinin müvafiq sərəncamları ilə təsdiq edilir.
16. Başa çatdırılmamış tikililər auksion və kommersiya müsabiqələri vasitəsilə özəlləşdirildikdə alıcı tərəfindən onların satış qiyməti tam olaraq ödənilir və həmin məbləğ bütövlüklə dövlət büdcəsinə daxil olur.
17. Özəlləşdirmədən əldə olunan vəsait müvafiq hesablara çatdıqdan və müsabiqə nəticəsində bağlanmış alqı-satqı müqaviləsində göstərilən şərtlər yerinə yetirildikdən sonra Dövlət Xidməti tərəfindən alıcıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir.
1. 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)
2. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
3. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
4. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
5. 28 dekabr 2022-ci il tarixli 1921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1431)
6. 15 aprel 2025-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 16 aprel 2025-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 333)