1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 06 iyun tarixli, 586 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın (bundan sonra Dövlət Proqramı) 6.4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan, habelə uçotdan və qeydiyyatdan yayınmış dövlət əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Xidmət) sərəncamına götürülməsinin qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlak dedikdə, bu təşkilatların sərəncamında olan tələbatdan artıq və ya səmərəsiz istifadə edilən (və ya faktiki istifadə edilməyən) daşınmaz və daşınar dövlət əmlakı nəzərdə tutulur.
1.2.1. Uçotdan və qeydiyyatdan yayınmış dövlət əmlakı dedikdə, bu və ya digər səbəbdən Xidmət tərəfindən aparılan Azərbaycan Respublikasının dövlət əmlakının Registrində dövlət qeydiyyatına alınmamış, lakin faktiki mövcud olan daşınmaz dövlət əmlakı nəzərdə tutulur.
1.3. Dövlət Proqramına və bu Qaydalara əsasən sərəncama götürülmüş daşınmaz və daşınar dövlət əmlakının qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş normativlərə uyğun olaraq dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilməsi Xidmətin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirilir.
2.1. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin sərəncamında olan tələbatdan artıq və ya səmərəsiz istifadə edilən (və ya faktiki istifadə edilməyən) əmlak dövlət orqanlarının, müəssisə və təşkilatlarının rəhbərlərinin və ya onların müavinlərinin yazılı müraciətləri əsasında Xidmətinin sərəncamına götürülür. Müraciətlərdə göstərilən məlumatların dürüstlüyünə görə onları imzalamış vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
2.2. Xidmətinə daxil olmuş müraciətlər aidiyyəti struktur bölmələri tərəfindən əmlakın tərkibi, ölçüləri, dəyəri və digər göstəriciləri müəyyən edilərək araşdırılır, müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılır.
2.3. Müvafıq təhvil-təslim işləri həyata keçirildikdən sonra sərəncama götürülmüş əmlakın özəlləşdirilməsi və ya icarəyə verilməsi imkanları öyrənilir, bu zaman digər dövlət orqanları, müəssisə və təşkilatlarının daşınmaz əmlakla bağlı tələbatları nəzərə alınır.
2.4. Araşdırmaların nəticələrindən asılı olaraq sərəncama götürülən əmlak "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" çərçivəsində özəlləşdirilir və ya qanunvericiliyə uyğun hüquqi və fiziki şəxslərə icarəyə verilir Dövlət təşkilatlarının ehtiyaclarının ödənilməsi zərurəti yarandıqda, sərəncama götürülən əmlakın qanunvericiliklə müəyyən edilmiş normativlər əsasında digər dövlət orqanları, müəssisə və təşkilatlarının balansına verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verilir.
2.5. Uçotdan və qeydiyyatdan yayınmış, lakin faktiki mövcud olan daşınmaz dövlət əmlakı aşkar edildikdə Xidmətinin aidiyyəti struktur bölmələri tərəfindən bu barədə müvafiq akt tərtib olunur.
Əmlakın tərkibi, ölçüləri, dəyəri və digər göstəriciləri müəyyən edildikdən sonra həmin əmlakın və onun yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının dövlət əmlakının Registrində dövlət qeydiyyatına alınması təmin olunur.
2.6. Əmlak dövlət əmlakının Registrində dövlət qeydiyyatına alındıqdan sonra bu Qaydalarla müəyyən edilmiş qaydalar nəzərə alınmaqla qanuna uyğun üsullarla özəlləşdirilir və ya icarəyə verilir, habelə "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq onun idarə edilməsi təmin olunur.
3.1. Bu Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
1. 25 dekabr 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 01-02)
2. 6 iyun 2023-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)