Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. dövlət-özəl tərəfdaşlığı – dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyəti;

1.1.2. dövlət-özəl tərəfdaşlığı layihəsi – ümumi dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən yuxarı olan dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsinə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;

1.1.3. dövlət-özəl tərəfdaşlığı qaydaları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən və dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsini tənzimləyən sənəd;

1.1.4. iddiaçı – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak edən və ya özəl təşəbbüs irəli sürən fiziki və ya hüquqi şəxs;

1.1.5. dövlət tərəfdaşı – özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri;

1.1.6. özəl tərəfdaş – dövlət tərəfdaşı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxs;

1.1.7. dövlət xidmətləri – dövlət orqanları (qurumları) tərəfindən istehsal edilən mal, göstərilən xidmət, görülən iş, habelə dövlət əmlakının, o cümlədən dövlətin iştirak payı olan hüquqi şəxslərin idarə edilməsi;

1.1.8. infrastruktur – dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş maddi və qeyri-maddi aktivlər;

1.1.9. strateji sənədlər – dövlət-özəl tərəfdaşlığı layihələrini özündə ehtiva edən dövlət proqramları, strategiyaları, konsepsiyaları və milli fəaliyyət planları;

1.1.10. səlahiyyətli orqan – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.11. layihə şirkəti – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasını təmin etmək məqsədilə özəl tərəfdaş tərəfindən yaradılan hüquqi şəxs.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver