Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İddiaçının özəl təşəbbüsü

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. İddiaçı bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş siyahıdan əlavə özəl təşəbbüs irəli sürə bilər.

10.2. Səlahiyyətli orqan iddiaçının özəl təşəbbüsünün bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulan meyarlara uyğunluğunu yoxlayır.

10.3. Səlahiyyətli orqan 60 (altmış) gün müddətində iddiaçının özəl təşəbbüsünün növbəti mərhələyə qəbul edilməsi, növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilməsi və ya bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmadıqda rədd edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində iddiaçını məlumatlandırır.

10.4. İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qəbul edildikdə, səlahiyyətli orqan 10 (on) gün müddətində həmin özəl təşəbbüsün xülasəsini özünün rəsmi internet səhifəsində, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında yerləşdirir və ya mediada dərc etdirir.

10.5. İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilərsə, səlahiyyətli orqanla iddiaçı arasında, bu Qanunun 10.3-cü maddəsinə uyğun olaraq, məlumat göndərildiyi tarixdən 30 (otuz) gün müddətində həmin qeyd-şərtlərlə (dəyişikliklərlə) bağlı danışıqlar aparılır. Səlahiyyətli orqanla iddiaçı arasında qeyd-şərtlərə (dəyişikliklərə) dair razılıq əldə edildikdə, bu Qanunun 10.6-cı maddəsinə uyğun tədbirlər görülür.

10.6. Səlahiyyətli orqan özəl təşəbbüs qaydasında verilmiş təklifin xülasəsini dərc etdikdən sonra 60 (altmış) gün müddətində digər şəxslər səlahiyyətli orqana müraciət etməklə həmin dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində özəl tərəfdaş qismində iştirak etmək niyyətlərini bildirə bilərlər. Azı iki digər şəxs tərəfindən səlahiyyətli orqana belə niyyət bildirildiyi halda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini bu Qanunun 12-ci maddəsinə uyğun olaraq müsabiqəyə hazırlayır.

10.7. Bu Qanunun 10.6-cı maddəsinə uyğun olaraq azı iki digər şəxs tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək niyyəti bildirilmədiyi halda səlahiyyətli orqan müsabiqə keçirmədən dövlət tərəfdaşının, bu Qanunun 24-cü maddəsinə uyğun olaraq, özəl tərəfdaşla 45 (qırx beş) gün müddətində müqavilə bağlamasını təşkil edir.

10.8. İddiaçının özəl təşəbbüs qaydasında təqdim etdiyi təklif müsabiqəyə çıxarıldıqdan sonra həmin iddiaçının müsabiqədə iştirak etməkdən imtina etdiyi və ya müsabiqədə qalib gəlmədiyi hallarda, səlahiyyətli orqan özəl təşəbbüs irəli sürmüş iddiaçının hazırladığı sənəd və məlumatlardan istifadə etdiyi halda həmin sənədlərin hazırlanması və məlumatların əldə edilməsi üçün iddiaçının çəkdiyi xərcləri ödəməlidir. Bu zaman səlahiyyətli orqan bu xərclərin müsabiqənin qalibi tərəfindən özəl təşəbbüsü irəli sürən, lakin müsabiqədə iştirak etməkdən imtina edən və ya müsabiqədə qalib gəlməyən iddiaçıya ödənilməsini müsabiqənin şərti kimi müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver