15.1. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər və bu Qanunun 10-cu maddəsinə uyğun olaraq özəl təşəbbüs irəli sürmüş iddiaçılar, eləcə də digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq keçirilən müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
15.2. Müraciətlər elanda göstərilən müddətdə səlahiyyətli orqana təqdim edilməlidir.
15.3. İddiaçılar tərəfindən müraciətə əlavə olunmalı sənədlər dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyənləşdirilir.
15.4. Dövlət-özəl tərəfdaşlığı layihəsində bir neçə iddiaçı öz maliyyə, təşkilati, insan resurslarını, habelə maddi-texniki bazasını və dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün tələb olunan digər imkanlarını müqavilə əsasında birləşdirməklə iştirak edə bilərlər.
15.5. İddiaçılar bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulan müqaviləni səlahiyyətli orqana təqdim etməlidirlər. Həmin müqavilədə hər bir iştirakçının dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası ilə əlaqədar vəzifələri, iştirakçılar arasında məsuliyyət bölgüsü və onları təmsil etmək hüququna malik olan əsas iştirakçı müəyyən edilməlidir.