“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 493 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 4.9-cu bəndinə uyğun olaraq inteqrasiya həyata keçirilənədək Dərman vasitələrinin dövlət reyestrinin məlumatları dəyişikliklər (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) göstərilməklə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ayda bir dəfə elektron formada Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim edilir.
1-2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 iyun 2015-ci il
1.1. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-1.0.12-ci maddələrində nəzərdə tutulmuş şəxslərə şamil edilir.
1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra – Şura) tərəfindən tənzimlənir.
1.4. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən həddən yuxarı olmayan qiymətlərlə həyata keçirilir.
2.1. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir.
2.2. Dərman vasitələrinin bazis qiymətlərinin hesablanması üsulu Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən müəyyən edilir.
2.3. Bazis qiymətlərin müəyyən edilməsi məqsədi ilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər il üçün ən azı 5 (beş) istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 (iki) ay əvvəlcədən elan edilməklə həyata keçirilir.
2.4. Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr tarixinə qədər Şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il üçün də eyni olaraq qalır.
2.5. Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi (bundan sonra – ərizəçi) tərəfindən təqdim edilmiş məlumatlar, habelə Şuranın Katibliyi (bundan sonra - Katiblik) tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur.
2.6. Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir.
3.1. Dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinin yuxarı həddi ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir.
3.2. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiymətinin yuxarı həddi dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinin yuxarı həddinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır.
3.3. Topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir.
3.4. Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr tətbiq edilir:
5 manata qədər olduqda
(5 manat daxil olmaqla)
topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi
topdansatış qiymətinin 20 faizi
5-20 manat arasında olduqda
(20 manat daxil olmaqla)
1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi
topdansatış qiymətinin 20 faizi
20-50 manat arasında olduqda
(50 manat daxil olmaqla)
3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi
topdansatış qiymətinin 20 faizi
50-100 manat arasında olduqda
(100 manat daxil olmaqla)
7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi
11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi
100 manatdan artıq olduqda
10,95 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi
18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi
3.5. Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərin yuxarı hədlərindən yüksək olmamaqla həyata keçirilir.
3.6. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitəsinin yalnız topdansatış qiymətinin yuxarı həddi təsdiq edilir.
3.7. Dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyir.
4.1. Dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) ay müddətində ərizəçilər tərəfindən qiymət tənzimlənməsi üçün Şuraya müraciət edilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Katiblik tərəfindən həyata keçirilir.
4.2. Ərizəçilər orijinal və generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət edirlər. Ərizəçilər təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyünü, habelə qiymətlərin aşağı düşməsi barədə məlumatların bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq Katibliyə verilməsini təmin etməlidirlər.
4.3. Bəyannamə forması aşağıdakı sənədlərlə birlikdə Katibliyə təqdim edilməlidir:
4.3.1. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin surəti;
4.3.3. dərman vasitəsinin istehsal, idxal edildiyi və ya farmasevtik forma aldığı ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə ən ucuz satış qiymətlərini göstərən və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilən sənədlər;
4.3.4. GMP (Good Manufacturing Practice) sertifikatı olduğu təqdirdə, sertifikatın notariat qaydasında təsdiq edilmiş surəti;
4.3.5. orijinal dərman vasitəsinə ilk dəfə qiymət müəyyənləşdirildikdə onun orijinal olduğunu sübut edən sənədin surəti.
4.4. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən aşağıdakı hallarda imtina edilə bilər:
4.4.1. bu Qaydanın 4.3-cü bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;
4.4.2. sənədlərdə təhrif edilmiş və ya qeyri-dəqiq məlumatlar olduqda.
4.5. Sənədlər tam təqdim edilmədikdə, 5 (beş) iş günündən gec olmayaraq, çatışmazlıqlar barədə Katiblik tərəfindən ərizəçiyə yazılı məlumat verilir.
4.6. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən əsaslandırılmış imtina barədə ərizəçiyə bu Qaydanın 4.7-ci və 4.8-ci bəndlərinə uyğun olaraq yazılı məlumat verilir.
4.7. İlk qiymət tənzimlənməsi üçün müraciət etmiş ərizəçinin sənədlərinə 30 (otuz) gün müddətində baxılır. Bu müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil olduğu gündən hesablanır.
4.8. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 (iyirmi) gün müddətində baxılır.
4.9. Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
4.10. Dərman vasitələrinin qiymətinin tənzimlənməsindən imtina üçün əsaslar olmadıqda bu Qaydanın 5.2-ci bəndində müəyyən edilən müddətlərdə, müvafiq qərarın qəbul edilməsi üçün sənədlər Katiblik tərəfindən Şuraya təqdim edilir.
4.11. Bu Qaydanın 5.8-ci bəndi nəzərə alınmaqla, dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) ay müddətində ərizəçi tərəfindən qiymət tənzimlənməsi üçün müraciət edilmədiyi halda, Şura tərəfindən istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparılmaqla, bazis qiymət müəyyən edilərək qiymət tənzimlənməsi həyata keçirilir.
4.12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.11-ci maddəsinin ikinci cümləsində qeyd olunan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərman vasitələrinin istehsalçısı tərəfindən Şuraya müraciət edildikdə həyata keçirilir.
5.1. Qiymətlər dərman vasitələrinin hər bir dozası və ticarət qablaşdırılması üzrə istehsal ölkəsi nəzərə alınmaqla ayrı-ayrılıqda tənzimlənir.
5.2. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə azı bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır.
5.3. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.
5.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələri haqqında verilən məlumatlarda Şura tərəfindən təsdiq edilmiş qiymətlər əks olunur.
5.5. Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 (beş) faizdən artıq dəyişmələr olduqda, bu Qaydanın 5.2-ci bəndinin tələbinə uyğun olaraq Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır.
5.6. Bazis qiymətin və ya istinad ölkəsinin dəyişilməsi ilə bağlı topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətində 5 (beş) faizdən artıq azalma olduqda, qiymətlərdə müvafiq dəyişiklik edilməsi üçün ərizəçilər bu barədə 3 (üç) ay müddətində Şuraya yenidən müraciət edirlər.
5.7. Dərman vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir.
5.8. Aşağıdakı dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin müəyyənləşdirilməsi bu Qaydanın 5.9 – 5.13-cü bəndlərinə uyğun olaraq həyata keçirilir:
5.8.1. əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələri;
5.8.2. resept olmadan buraxılan dərman vasitələri.
5.9. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi bu Qaydanın 5.11-ci bəndi nəzərə alınmaqla, ərizəçinin müraciətinə və ya bu Qaydanın 4.11-ci bəndinə əsasən həyata keçirilir.
5.10. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinə yenidən baxılması bu Qaydanın 5.11-ci bəndi nəzərə alınmaqla, ərizəçinin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciətinə əsasən həyata keçirilir.
5.11. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınır.
5.12. Bu Qaydanın 5.8.2-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi ərizəçinin müraciətinə və ya bu Qaydanın 4.11-ci bəndinə əsasən dərman vasitəsinin bazis qiymətinə onun 10 faizi və nəzarət markasının qiyməti əlavə olunmaqla həyata keçirilir.
5.13. Bu Qaydanın 5.8.2-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinə yenidən baxılması bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
5.14. Ərizəçilərin əsaslandırılmış müraciətinə əsasən tənzimlənmiş qiymətlərdə texniki xətalarla bağlı Şura tərəfindən düzəlişlər edilir. Bu düzəlişlər dərman vasitəsinin qiymətinin yenidən tənzimlənməsi hesab edilmir.
6.1. Aptek təşkilatlarında satılan dərman vasitələrinin qablaşdırılmasının üzərində Şura tərəfindən təsdiq edilmiş yuxarı həddən yüksək olmamaqla, pərakəndə satış qiymətləri göstərilməlidir.
6.2. Dərman vasitələrinin qablaşdırılmasının üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi aptek təşkilatları tərəfindən təmin edilir. Dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş üsullarla göstərilir.
6.3. Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq göstərilməsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
6.3-1. Dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və zəruri məlumatların düzgün təqdim edilməsinə nəzarəti Katiblik həyata keçirir.
6.4. Nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
2. 20 dekabr 2016-cı il tarixli 520 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2016-cı il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2237)
3. 27 mart 2017-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 496)
4. 5 mart 2024-cü il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 7 mart 2024-cü il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 296)
5. 25 aprel 2025-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2025-ci il, “Xalq” qəzeti, 30 aprel 2025-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, II kitab, maddə 426)
6. 3 iyun 2025-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2025-ci il, “Xalq” qəzeti, 6 iyun 2025-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 589)
7. 26 noyabr 2025-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 28 noyabr 2025-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1096)