33-1.1. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi rəqabətqabiliyyətlilik, mütənasiblik, motivasiya, çeviklik və uyğunlaşma amilləri nəzərə alınmaqla bu Qanun və əmək qanunvericiliyi ilə tənzimlənir.
33-1.2. Dövlət orqanları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait, müəyyən edilmiş işçilərinin ümumi say həddi və struktur bölmələrin yaradılması üçün işçilərin say həddi çərçivəsində ştat cədvəlində struktur bölmələrin və struktur bölmələrdə işçilərin sayının müəyyənləşdirilməsində sərbəstdirlər.
33-1.3. Bu Qanunun 33-1.1-ci maddəsində “rəqabətqabiliyyətlilik” dedikdə dövlət qulluqçularının dövlət məvacibinin səviyyəsinin özəl sektorda analoji vəzifələrin əməkhaqqı səviyyələri ilə qulluq funksiyalarının mürəkkəbliyi və məsuliyyəti baxımından balanslaşdırılması, “mütənasiblik” dedikdə dövlət qulluqçularının dövlət məvacibinin dövlət orqanının kateqoriyasına, dövlət qulluğu vəzifəsinin təsnifatına, əməyin ödəniş səviyyəsinə, qulluq stajına və xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq müəyyən edilməsi, “motivasiya” dedikdə dövlət qulluqçusunun vəzifədə yüksəlişi ilə yanaşı tutduğu vəzifədə fərdi peşəkarlıq və yüksək səriştəlilik keyfiyyətlərinin artırılması ilə əlaqədar əməyinin ödənilməsi sistemi üzrə həvəsləndirilməsi, “çeviklik və uyğunlaşma” dedikdə dövlət qulluqçularının dövlət məvacibinin səviyyəsinin iqtisadiyyatın inkişaf səviyyəsinə uyğunlaşdırılmasının təmin edilməsi başa düşülür.