Qanunvericilik › “Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2009) › Tam mətn

“Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2009)

“Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini Y.EYYUBOV

Bakı şəhəri, 19 mart 2009-cu il

1. Bu Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.8-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydalarını müəyyən edir.

2. Dövlət qulluqçularının əlavə təhsilinin məqsədi dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onlar tərəfindən nəzəri və praktiki biliklərinin əldə edilməsi və artırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar qabiliyyət və peşəkar vərdişlərin inkişaf etdirilməsi, dövlət qulluqçularının ümumi intellektual səviyyəsinin artırılmasıdır.

3. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma növləri üzrə əlavə təhsil alması üçün aşağıdakılar əsasdır:

dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;

dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;

dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;

dövlət qulluqçusunun şəxsi təşəbbüsü.

4. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericiliyə zidd olmayan digər vəsaitlər hesabına ali-2-ci kateqoriya dövlət orqanlarında dövlət orqanının rəhbəri tərəfindən, 3-5-ci kateqoriya dövlət orqanlarında isə tabe olduqları dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla, həmin orqanların rəhbərləri tərəfindən müəyyən olunur.

4-1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatlarında, habelə 2-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

5. Dövlət qulluqçularının əlavə təhsil alması qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında həyata keçirilir.

6. Dövlət qulluqçusunun yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır.

Dövlət qulluqçularının əlavə təhsilinin proqramları onların çalışdıqları sahə üzrə yenilikləri, texnikanın, texnologiyaların, hüququn, siyasətin, iqtisadiyyatın və elmin digər sahələrinin mövcud və perspektiv sahələrini əhatə etməli, təlimlərin hazırlanması və keçirilməsində qabaqcıl dünya və milli təcrübədən istifadə edilməlidir.

Dövlət qulluqçularının yenidənhazırlanma və ixtisasartırma kursları keçməsi dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət orqanları əlavə təhsil üçün dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq, cari il üçün əlavə təhsil alacaq (növü və forması göstərilməklə) dövlət qulluqçularının sayı və təhsil alması zəruri olan ixtisas və vəzifələrə dair məlumatları hər ilin may ayının sonuna qədər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra - Mərkəz) təqdim etməlidirlər. Mərkəz həmin məlumatlar əsasında dövlət sifarişini hazırlayaraq təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət qulluqçusunun əlavə təhsil almasına dair bir tərəfdən müvafiq dövlət orqanı (sifarişçi) və Mərkəz, digər tərəfdən isə təhsil müəssisəsi (icraçı) arasında müəyyən edilmiş qaydada müqavilə bağlanılır.

7. Təcrübə keçmə - dövlət qulluqçusunun müvafiq sahə üzrə bilik və bacarıqların tətbiqi üzrə vərdişlərin əldə edilməsi və genişləndirilməsi məqsədi ilə həyata keçirilən əlavə təhsildir.

7.1. Dövlət qulluqçusunun təcrübə keçməsi onun qulluq keçdiyi dövlət orqanında, Azərbaycan Respublikasının digər dövlət orqanlarında, xarici ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış orqanlarında, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq digər təşkilatlarda həyata keçirilə bilər.

7.2. Dövlət orqanlarının yerli bölmələrinə, onların yanında, tabeliyində olan orqanlara ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslər həmin dövlət orqanının mərkəzi aparatının aidiyyəti struktur bölmələrində təcrübə keçirlər.

7.3. Bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla, dövlət orqanlarına ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslər qəbul edildikləri dövlət orqanında təcrübə keçirlər.

7.4. Dövlət qulluqçusunun bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qaydada təcrübə keçməsi dövlət orqanının rəhbərinin təcrübəni keçirən orqana müraciəti əsasında həyata keçirilir. Müraciətdə təcrübənin məqsədi, əldə edilməsi və gözlənilən nəticələr göstərilməlidir.

7.5. Azərbaycan Respublikasının dövlət orqanlarında təşkil edilən təcrübə zamanı həmin dövlət orqanının rəhbəri tərəfindən təcrübə rəhbəri təyin edilir. Təcrübə rəhbəri təcrübəyə metodiki və praktiki rəhbərliyi həyata keçirir, təcrübənin keçirilməsinə nəzarət edir və təcrübə müddəti başa çatdıqdan sonra təcrübə keçən şəxs barəsində rəyini bildirir.

7.6. Təcrübənin yekununda təcrübə keçmiş şəxsə müvafiq arayış verilir.

8. Dövlət qulluqçusunun yenidən hazırlanması - dövlət qulluqçusunun yeni (fərqli) ixtisasa yiyələnməsi məqsədi ilə həyata keçirilən uzunmüddətli əlavə təhsildir.

8.1. Yenidənhazırlanma daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil olunur.

8.2. Dövlət qulluqçusunun yenidən hazırlanması kadrların yenidən hazırlanması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

9. Dövlət qulluqçusunun ixtisasartırma keçməsi - dövlət qulluqçusunun peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədi ilə həyata keçirilən qısamüddətli təlimlər (treninq, seminar və s.) və ya ixtisasartırma kursları şəklində təşkil edilən əlavə təhsildir.

9.1. Daimi dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları və ya dövlət qulluğuna qəbul edilmə (müsahibə yolu ilə) vaxtından 1 il keçdikdən sonra dövlət qulluqçuları ixtisasartırma kurslarına göndərilə bilər.

9.2. Bu Qaydaların 9-cu bəndində nəzərdə tutulan qısamüddətli təlimlərin və kursların planlan onları təşkil edən dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən hazırlanır, eyni zamanda ixtisasartırma kurslarının nümunəvi planları Mərkəz ilə razılaşdırılır.

9.3. Azərbaycan Respublikasında ixtisasartırma kursları keçmiş dövlət qulluqçuları tədris planının mənimsəmə səviyyəsinin müəyyən edilməsi məqsədi ilə test imtahanı verirlər. Testin keçirilmə qaydaları Mərkəz tərəfindən müəyyən edilir.

9.4. İxtisasartırma kursunun yekununda test imtahanını uğurla keçmiş dövlət qulluqçularına müvafiq şəhadətnamə verilir.

10. Əlavə təhsilin forması və müddətləri müvafiq dövlət orqanlarının səlahiyyətləri və xüsusiyyətləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

11. Dövlət qulluqçularının əlavə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.

12. Dövlət qulluqçusunun əlavə təhsili aşağıdakı müddətləri əhatə edir:

təcrübə keçmə üzrə: 15 günədək müddətdə;

ixtisasartırma keçmə üzrə: 4 ayadək müddətdə;

yenidənhazırlanma keçmə üzrə: təhsil başa çatanadək.

13. Dövlət qulluqçusunun bu Qaydaların 7.1-ci bəndinə uyğun olaraq, digər təşkilatlarda təcrübə keçməsinin forması və müddəti onun qulluq keçdiyi orqanla müvafiq təşkilat arasında razılaşdırılır.

Dövlət qulluqçusunun ixtisasartırma və yenidənhazırlanma keçməsinin forması və müddəti dövlət orqanı ilə müvafiq təhsili həyata keçirən dövlət təhsil müəssisələri və mərkəzləri arasında razılaşdırılır.

14. Dövlət qulluqçularının xaricdə əlavə təhsil alması Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, müvafiq dövlətin və ya beynəlxalq təşkilatın qaydalarına (tələblərinə) uyğun olaraq həyata keçirilir.

15. Xaricdə əlavə təhsil alma dövlət büdcəsi hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə bilər.

Xaricdə alınan əlavə təhsilin müddətinin bu Qaydaların 12-ci bəndində müəyyən edilmiş müddətdən artıq olan hissəsi üçün tələb olunan vəsait bir qayda olaraq, dövlət büdcəsindən maliyyələşdirilmir.

16. Xaricdə ixtisasartırma kursları və yenidənhazırlanma keçmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildikdə, Komissiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə keçirilir.

17. Qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xaricdə ixtisasartırma kursları və yenidənhazırlanma keçmək istəyən dövlət qulluqçusu dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilir.

18. Dövlət qulluqçularının əlavə təhsili dövlət büdcəsi vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

19. Dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilmiş şəxslərin əlavə təhsili Mərkəzinin və aidiyyəti dövlət orqanının birgə razılığı ilə bu dövlət orqanının vəsaiti və ya həmin şəxsin öz vəsaiti hesabına maliyyələşdirilə bilər.

20. Dövlət qulluqçusu qulluqkeçmədən ayrılmaqla, təcrübə keçməyə göndərildikdə və müvafiq yataqxana ilə təmin edilmədikdə, ona qulluq keçdiyi dövlət orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq ezamiyyə xərcləri ödənilir. Dövlət qulluqçusu qulluqkeçmədən ayrılmaqla, təcrübə keçmə zamanı yataqxana ilə təmin edildikdə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin gündəlik yemək xərci məbləğində vəsait ödənilir.

21. Dövlət qulluqçusu qulluqkeçmədən ayrılmaqla, respublika daxilində ixtisasartırma kursuna göndərildikdə, müvafiq yataqxana ilə təmin edilmədikdə, ona birinci ay üçün qulluq keçdiyi dövlət orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq ezamiyyə xərcləri, ixtisasartırma keçdiyi dövrün ikinci ayından etibarən isə dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanı tərəfindən onun aylıq vəzifə maaşının 70 faizi məbləğində aylıq təqaüd ödənilir. Dövlət qulluqçusu qulluqkeçmədən ayrılmaqla, respublika daxilində ixtisasartırma keçmə zamanı yataqxana ilə təmin edildikdə, ona qulluq keçdiyi dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin gündəlik yemək xərci məbləğində vəsait ödənilir.

Dövlət qulluqçusu qulluqkeçmədən ayrılmaqla, bu Qaydalarla müəyyən edilmiş müddətlərə əməl olunmaqla, xarici ölkəyə ixtisasartırmaya göndərildikdə, ona qanunvericiliyə uyğun olaraq ezamiyyə xərcləri ödənilir.

22. Dövlət qulluqçularının əlavə təhsil alması qulluq keçdikləri dövlət orqanlarında bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericiliyə zidd olmayan digər vəsaitlər hesabına həyata keçirilir.

23. Aidiyyəti dövlət orqanları əlavə təhsil almış dövlət qulluqçuları haqqında rəsmi məlumatları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Mərkəzə verməlidir.

24. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver