Qanunvericilik › "Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2010) › Tam mətn

"Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2010)

"Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 194 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Bakı şəhəri, 11 fevral 2010-cu il

1.1. Bu Qayda "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 194 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların statistik vahidlər, ailə kəndli və ev təsərrüfatları tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsində məqsəd statistika orqanları ilə əlaqələrin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdır.

1.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra - Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilmiş formatda tərtib edilən və statistika orqanına təqdim olunan elektron sənədin məlumatları kağız formasında olan sənədin məlumatlarına bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir.

1.4. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron formada tərtib edilməsi və statistika orqanlarına təqdim olunması üçün zəruri proqram təminatları və izahedici materiallar Dövlət Statistika Komitəsi tərəfindən hazırlanır və hesabat (məlumat) təqdim edənlərə əvəzsiz (ödənişsiz) verilir.

Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektron hesabat (məlumat) - informasiyanın elektron formada təqdim olunduğu sənəddir;

göndərilən elektron hesabat (məlumat) - istifadəçiyə aid elektron poçt (e-poçt) vasitəsilə ötürülən elektron sənəddir;

zəruri proqram təminatı - hesabatların (məlumatların) elektron şəkildə tərtibi və göndərilməsi üçün istifadə olunan proqram təminatıdır (Elektron Hesabatın Tərtibatı Proqramı - EHTP);

dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatlar - rəsmi statistika hesabatı, seçmə statistik müayinə, sorğu, siyahıyaalma formaları, habelə statistika müşahidələrinin digər növlərinin tətbiqi vasitəsilə toplanan məlumatlardır;

statistik vahidlər - rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.

3.1. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları elektron formada təqdim edən statistik vahidin vəzifələri aşağıdakılardır:

3.1.1. elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin informasiya təhlükəsizliyini təmin etmək;

3.1.2. statistika orqanına təqdim etdiyi elektron hesabatları (məlumatları) və statistika orqanından daxil olmuş bütün elektron sənədləri 3 ildən az olmayan müddət ərzində saxlamaq;

3.1.3. elektron sənəd mübadiləsi üçün istifadə olunan elektron poçt (e-mail) ünvanı dəyişdikdə, dərhal qeydiyyatda olduğu statistika orqanına məlumat vermək;

3.1.4. elektron sənəd mübadiləsi ilə bağlı Dövlət Statistika Komitəsinin bütün təlimat və qaydalarına əməl edilməsini, elektron hesabatların müəyyən olunmuş müddətlərdə statistika orqanına göndərilməsini təmin etmək;

3.1.5. avadanlığın texniki nasazlığı və ya digər səbəblərdən hesabatın (məlumatın) elektron formada təqdim olunması müəyyən dövr ərzində mümkün olmadıqda, hesabatı onunla eyni hüquqi qüvvəyə malik kağız formada təqdim etmək.

4.1. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları elektron formada qəbul edən statistika orqanının vəzifələri aşağıdakılardır:

4.1.1. məlumatların elektron formada tərtib edilməsi və statistika orqanlarına təqdim olunması üçün zəruri proqram təminatlarını və izahedici materialları hazırlamaq və hesabat (məlumat) təqdim edənlərə əvəzsiz (ödənişsiz) vermək;

4.1.2. hesabatları (məlumatları) elektron sənəd formasında təqdim etmək üçün ərizə ilə müraciət etmiş statistik vahidlərdən ərizəni qəbul etdiyi tarixdən sonrakı 2 gün ərzində müqaviləni rəsmiləşdirmək və bir nüsxəsini məlumatları təqdim edənə çatdırmaq;

4.1.3. bu Qaydaya uyğun statistik vahid, ailə kəndli və ev təsərrüfatlarından hesabatları (məlumatları) qəbul etmək və fərdi məlumatların məxfi saxlanmasını təmin etmək.

5.1. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi üçün hesabatları (məlumatları) elektron sənəd formasında təqdim etmək istəyən statistik vahid yerləşdiyi ərazi üzrə statistika orqanına ərizə ilə müraciət edərək müqavilə bağlayır (ərizə və müqavilə 1 və 2 nömrəli əlavələrə uyğun tərtib edilir).

Elektron hesabat formaları, habelə zəruri proqram təminatı, ondan istifadə qaydaları üzrə təlimat və digər metodoloji məlumatlar Dövlət Statistika Komitəsinin internet səhifəsində yerləşdirilir.

5.2. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları təqdim edən statistik vahid müqavilənin qarşılıqlı imzalanması ilə bağlı məlumatları statistika orqanına elektron sənəd formasında təqdim etmək hüququnu əldə edir.

5.3. Müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrünə aid eyni növ hesabat onu təqdim edən tərəfindən yalnız bir formada (elektron və yaxud kağız) təqdim edilə bilər.

6.1. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında təqdim edilməsi üçün statistik vahid internet və zəruri proqram təminatlarından istifadə edir. Bu proqram təminatları statistik vahid tərəfindən öz kompüterinə Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən yüklənə və ya müqavilə bağladığı yerli statistika orqanından əldə edilə bilər.

6.2. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları təqdim edən statistik vahid Elektron Hesabatın Tərtibatı Proqramından istifadə edərək, hesabat məlumatlarını kompüterə daxil edir və elektron poçt vasitəsilə qeydiyyatda olduğu yerli statistika orqanına göndərir.

6.3. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları təqdim edən statistik vahidin hesabatları yerli statistika orqanı tərəfindən qəbul edilir və məlumatı təqdim edənə müvafiq elektron bildiriş verilir.

6.4. Statistik vahidin yerli statistika orqanı tərəfindən göndərilmiş bildirişi aldığı an hesabatın qəbul edilmə vaxtı hesab olunur.

6.5. Sənədlər mübadiləsinin elektron formada aparılması zamanı meydana çıxan mübahisələrin həlli bu Qaydanın 7-ci bölməsində nəzərdə tutulduğu kimi həyata keçirilir.

7.1. Elektron mübadilənin aparılması zamanı aşkar edilmiş səhvlərin aradan qaldırılması hesabat (məlumat) təqdim edən statistik vahidlərlə statistika orqanı arasında həyata keçirilir.

7.2. Elektron sənəddə əks olunan məlumatların dəqiqliyi ilə bağlı yerli statistika orqanı və hesabat (məlumat) təqdim edən statistik vahid arasında mübahisə yarandığı hallarda, mübahisənin yaranma səbəbi haqqında statistika orqanına (və ya hesabat təqdim edən statistik vahidlərə) mübahisənin predmeti olan elektron sənədin tarixi və nömrəsi göstərilməklə, yazılı müraciət olunur. Müraciətə fayl şəklində mübahisəli elektron sənəd və təsdiqedici elektron sənəd əlavə edilir.

7.3. Müraciətin təqdim olunması və baxılması qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir və müraciətə baxılması zamanı elektron sənədlərin dürüstlüyü yoxlanılır.

7.4. Mübahisənin həllinin nəticələrinə görə akt tərtib olunur və mübahisənin mahiyyəti göstərilir. Akt hesabat təqdim edən statistik vahidin və statistika orqanının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.

7.5. Tərəflər qarşılıqlı anlaşma əldə etmədikdə, mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

8.1. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları təqdim edən statistik vahid statistika orqanına hesabatın (məlumatın) təqdimolunma müddətindən azı 10 iş günü əvvəl müvafiq yazılı ərizə ilə müraciət etməklə, elektron sənəd mübadiləsinin aparılmasından imtina edə bilər.

8.2. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları təqdim edən statistik vahid elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qayda və normalara əməl etmədikdə, statistika orqanı hesabat dövrünün başa çatmasına azı 10 gün qalmış ona xəbərdarlıq etməklə, elektron sənəd mübadiləsinin aparılmasından birtərəfli qaydada imtina edə bilər.

Xahiş edirəm, ____________ 20___ il tarixindən statistik hesabatların (məlumatların) elektron formada qəbul edilməsi (ləğv edilməsi) üçün razılıq verəsiniz.

__________________________________________________________________________

Özümüz haqqında aşağıdakı məlumatları təqdim edirik:

hesabat (məlumat) təqdim edənin tam adı (fiziki şəxsin soyadı, adı və atasının adı) ______________________________, VÖEN ______________________, əlaqə telefonu ________________, elektron poçt (e-mail) ünvanı _______________

Ərizəni təqdim edən fiziki şəxsin və ya hüquqi şəxsin rəhbəri barədə məlumat (soyadı, adı, atasının adı) ________________________________________________

İmza ___________________

Tarix __________________

Ərizəni qəbul etdim (statistika orqanının vəzifəli şəxsi) ______________________

İmza ___________________

Tarix __________________

“____” ___________ 20___ il

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ____________________

(statistika orqanının adı)

________________ (bundan sonra — yerli statistika orqanı) rəisi _____________

____________________________________________________________ bir tərəfdən və

(hesabat (məlumat) təqdim edən statistik vahidin tam adı, fiziki şəxsin soyadı, adı, atasının adı və VÖEN-i)

_______________________________________ (bundan sonra — hesabat təqdim edən) digər tərəfdən aşağıdakı Müqaviləni imzalayırlar.

Bu Müqavilə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tərtib edilmişdir.

2.1. Müqavilənin predmetini rəsmi statistika hesabatlarının (məlumatlarının) hesabat (məlumat) təqdim edən statistik vahidlər tərəfindən elektron sənəd formasında göndərilməsi, statistika orqanları tərəfindən onların qəbulu və bu barədə statistik hesabat (məlumat) təqdim edən statistik vahidlərə elektron şəkildə bildirişin verilməsi təşkil edir.

2.2. Tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin məlumatlarının kağız formasında olan sənədin məlumatlarına bərabər olduğunu və hər iki sənədin eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edir.

3.1. Statistik hesabat (məlumat) təqdim edən statistik vahidlərin hüquqları aşağıdakılardır:

3.1.1. elektron sənəd mübadiləsi ilə bağlı mübahisəli məsələlər meydana çıxdıqda, qanunvericiliyin tələblərinə əməl etməklə statistika orqanına və ya məhkəməyə müraciət etmək;

3.1.2. müvafiq ərizə verməklə müqavilədən imtina etmək;

3.1.3. müqavilənin qüvvədə olduğu müddətdə statistik hesabatları (məlumatları) kağız formada təqdim etməmək.

3.2. Statistika orqanının hüquqları aşağıdakılardır:

3.2.1. müqavilənin qüvvədə olduğu müddətdə statistik hesabat təqdim edən statistik vahidlər tərəfindən göndərilmiş eyni hesabat dövrü üzrə eyni növ hesabatı yalnız bir formada (elektron və yaxud kağız formada) qəbul etmək;

3.2.2. hesabat təqdim edən statistik vahidlər elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara və normalara əməl etmədikdə, hesabat dövrünün başa çatmasına azı 10 iş günü qalmış xəbərdarlıq etməklə müqavilədən birtərəfli qaydada imtina etmək;

3.2.3. məlumatların qeyri-dürüstlüyü halları aşkara çıxarıldığı zaman hesabatlarda (məlumatlarda) düzəliş etmək və bu barədə statistik vahidlər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək.

4.1. Statistik hesabat təqdim edən statistik vahidlərin vəzifələri aşağıdakılardır:

4.1.1. elektron sənəd mübadiləsi ilə bağlı Dövlət Statistika Komitəsinin bütün təlimat və qaydalarına əməl etmək, müəyyən olunmuş formada tərtib olunan elektron hesabatları (məlumatları) qanunvericiliklə müəyyən olunmuş müddətdə göndərmək;

4.1.2. elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin informasiya təhlükəsizliyini təmin etmək;

4.1.3. səhv aşkar edilmiş hesabatları yenidən hazırlayıb göndərmək;

4.1.4. elektron sənəd mübadiləsi üçün istifadə olunan elektron poçt (e-mail) ünvanı dəyişdikdə, 3 iş günü müddətində qeydiyyatda olduğu yerli statistika orqanına məlumat vermək;

4.1.5. statistika orqanlarına təqdim edilmiş elektron hesabatları və statistika orqanlarından alınmış bütün elektron sənədləri azı 3 il ərzində saxlamaq;

4.1.6. elektron sənədlərin mübadiləsindən imtina etdikdə, bu barədə hesabatın (məlumatın) təqdimolunma müddətindən azı 10 iş günü əvvəl statistika orqanına ərizə vermək;

4.1.7. avadanlığın texniki nasazlığı və ya digər səbəblərdən hesabatın (məlumatın) elektron formada təqdim olunması müəyyən dövr ərzində mümkün olmadıqda, hesabatın onunla eyni hüquqi qüvvəyə malik kağız formasında təqdim olunmasını təmin etmək.

4.2. Statistika orqanının vəzifələri aşağıdakılardır:

4.2.1. statistik hesabat təqdim edən statistik vahidlərin ərizəsinin qəbulundan sonra 2 iş günü ərzində elektron sənəd mübadiləsi üçün zəruri olan işləri həyata keçirmək;

4.2.2. müəyyən edilmiş elektron formada tərtib olunan elektron hesabatı statistik hesabat təqdim edən statistik vahidlərdən qəbul etmək və bu barədə hesabat təqdim edəni məlumatlandırmaq;

4.2.3. elektron formada qəbul olunmuş hesabatın ilkin yoxlanılmasını təmin etmək;

4.2.4. avadanlığın texniki nasazlığı və ya digər səbəblərdən hesabatın (məlumatın) elektron formada qəbul olunması müəyyən dövr ərzində mümkün olmadıqda, onunla eyni hüquqi qüvvəyə malik kağız formasında hesabatın qəbulunu təmin etmək;

4.2.5. qəbul edilmiş fərdi məlumatları məxfi saxlamaq.

Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə və ya tam yerinə yetirmədikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

6.1. Bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələrin yarandığı halda, tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə zəruri tədbirlərin görülməsini öhdələrinə götürürlər.

6.2. Elektron sənədlərin məlumatlarının dəqiqliyi ilə əlaqədar mübahisə yarandığı halda, bu Müqavilənin maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla və mübahisə predmeti olan elektron sənədin tarixini və nömrəsini göstərməklə yazılı müraciət edir.

6.3. Müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq, yazılı şəkildə cavablandırılır.

6.4. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə mübahisənin mahiyyətini və tipini özündə əks etdirən akt tərtib olunur və müqavilənin tərəflərinin nümayəndələri tərəfindən imzalanır.

6.5. Mübahisənin həlli üçün Müqavilənin tərəfləri fayl şəklində olan mübahisəli elektron sənədi və təsdiqedici elektron sənədi təqdim etməlidirlər. Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri elektron sənəddəki məlumatların dürüstlüyünü yoxlayırlar.

6.6. Tərəflər qarşılıqlı anlaşma əldə etmədikdə, mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərdən hər hansı biri ondan imtina edənə qədər qüvvədədir.

Bu Müqavilə Azərbaycan dilində 2 nüsxədə tərtib olunmuşdur və hər 2 nüsxənin eyni hüquqi qüvvəsi vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver