9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:
9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;
9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar;
9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar;
9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları;
9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;
9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər;
9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər;
9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr;
9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
9.1.17. iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər;
9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər;
9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər;
9.1.20-1. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər;
9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;
9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar.
9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9.1-2. Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunurlar.
9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.
9.3. Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.
9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.