Qanunvericilik › “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.06.2023) › Tam mətn

“Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.06.2023)

“Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.06.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 may tarixli 1673 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 iyun 2023-cü il

1.1. “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası” (bundan sonra – Qayda) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. dövlət rüsumu tutan qurumlar – hakimiyyət səlahiyyət-lərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) haqq (ödəniş) tutan dövlət orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər;

1.2.2. nəzarət – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi) tərəfindən dövlət rüsumu üzrə daxilolmalar barədə məlumat mübadiləsinin aparılması və dövlət rüsumu ilə bağlı maliyyə sənədlərinin və hesabatlarının yoxlanılması (bundan sonra – dövlət rüsumu yoxla-ması) vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Nəzarət bu Qaydanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyət bölgüsünə uyğun olaraq Maliyyə Nazirliyi və ya İqtisadiyyat Nazirliyi (bundan sonra - nəzarəti həyata keçirən subyekt) tərəfindən həyata keçirilir.

2.2. Dövlət rüsumunun düzgün hesablanmasına (o cümlədən azadolma hallarının düzgün müəyyən edilməsinə) və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət aşağıdakı səlahiyyət bölgüsünə uyğun həyata keçirilir:

2.2.1. Qanunun 8-ci, 12-ci, 14-cü, 16-cı, 18.55-ci, 18.56-cı, 18.58-18.62-ci, 18.65-ci (18.65.9-cu və 18.65.10-cu maddələr istisna olmaqla), 18.66-18.67-ci (18.66-3-cü maddə istisna olmaqla), 18.70-18.78-ci, 20-ci (20.1-ci maddə istisna olmaqla), 20-2-ci, 20-3-cü, 22-ci, 23-3-cü, 24-cü, 25-1-ci, 26-cı, 27-1-ci, 31-ci, 32-2-ci, 33-cü, 33-3-cü, 33-6-cı və 33-7-ci maddələrində nəzərdə tutulan dövlət rüsumları və onlardan azadolma halları üzrə Maliyyə Nazirliyi;

2.2.2. Qanunun 10-cu, 13-1-ci, 18.11-ci, 18.12-ci, 18.33-18.34-3-cü, 18.48-ci, 18.62-1-18.64-cü, 18.65.9-cu, 18.65.10-cu, 18.66-3-cü, 18.68-ci, 18.69-cu, 19-1-ci, 20.1-ci, 21-ci, 25-2-ci, 28-ci, 29-cu, 30-cu, 30-1-ci, 32-1-ci, 33-1-ci və 33-5-ci maddələrində nəzərdə tutulan dövlət rüsumları və onlardan azadolma halları üzrə İqtisadiyyat Nazirliyi.

2.3. Nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

2.3.1. dövlət rüsumu tutan qurumlar tərəfindən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsi üzrə təqdim edilən hesabatlara dair məlumat mübadiləsi aparılmaqla;

2.3.2. dövlət rüsumu tutan qurumlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı sənədlər (dövlət rüsumu ödəyicisinin hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlər və hüquqi hərəkətlərin göstərilməsi üçün müraciəti, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd) və məlumatlar (dövlət rüsumu ödəyicilərinin sayı və ödənilmiş rüsumun məbləği, dövlət rüsumunun ödənişindən azadolmaların sayı və azadolmaların məbləği) üzrə dövlət rüsumu yoxlaması aparılmaqla.

3.1. İqtisadiyyat Nazirliyi Qanunun 4.7-ci maddəsinə uyğun olaraq dövlət rüsumu tutan qurumlar tərəfindən təqdim edilmiş rüblük hesabatlar əsasında bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş formada dövlət büdcəsinə hesablanmış və daxilolmalara dair rüblük məlumatları hesabat rübündən sonrakı ayın 25-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim edir.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada məlumat mübadiləsinin aparılması zamanı hesablanmış dövlət rüsumunun dövlət büdcəsinə köçürülməməsi müəyyən edildiyi halda Maliyyə Nazirliyi dövlət rüsumu tutan qurumlardan dövlət rüsumunun dövlət büdcəsinə köçürülməməsinin səbəbləri barədə məlumat tələb edir. Dövlət rüsumu tutan qurumlar həmin məlumatları 3 (üç) iş günü ərzində təqdim etməlidirlər.

4.1. Dövlət rüsumu tutan qurumlar tərəfindən il ərzində dövlət rüsumu üzrə daxilolmalar barədə məlumat mübadiləsinin aparılması nəticəsində bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş istiqamətlər üzrə pozuntu aşkar olunduqda, nəzarəti həyata keçirən subyekt bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş səlahiyyət bölgüsünə uyğun olaraq, dövlət rüsumu tutan qurumlara bildiriş göndərir və pozuntunun aradan qaldırılması üçün həmin quruma 20 (iyirmi) iş günü müddət verilir. Dövlət rüsumu tutan qurumlar bu müddət ərzində aşkar edilmiş pozuntuları aradan qaldırıb nəzarəti həyata keçirən subyektə məlumat vermədikdə, dövlət rüsumu yoxlaması təyin edilir.

4.2. Dövlət rüsumu yoxlaması dövlət rüsumu tutan qurumlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı sənədlər (dövlət rüsumu ödəyicisinin hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlər və hüquqi hərəkətlərin göstərilməsi üçün müraciəti, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd) və məlumatlar (dövlət rüsumu ödəyicilərinin sayı və ödənilmiş rüsumun məbləği, dövlət rüsumunun ödənişindən azadolmaların sayı və azadolmaların məbləği) üzrə aparılır.

4.3. Dövlət rüsumu yoxlaması zamanı aşağıdakılar araşdırılır:

4.3.1. dövlət rüsumunun düzgün hesablanması;

4.3.2. dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi;

4.3.3. dövlət rüsumu ödəyicilərinin dövlət rüsumunun ödənilməsindən azad olunma halları;

4.3.4. dövlət rüsumu tutulduqdan sonra Qanunun 4.5-ci maddəsi ilə müəyyən edilmiş müddətdə dövlət büdcəsinə köçürülməsi;

4.3.5. Qanuna uyğun olaraq dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikasının ərazisində ödənildikdə ödənişlərin manatla aparılması vəziyyəti.

4.4. Nəzarəti həyata keçirən subyekt tərəfindən dövlət rüsumu tutan qurumlara dövlət rüsumu yoxlamasının başlamasından azı 15 (on beş) gün əvvəl dövlət rüsumu yoxlamasının hüquqi əsası və tarixi qeyd olunmaqla yazılı bildiriş göndərilir.

4.5. Dövlət rüsumu yoxlaması nəzarəti həyata keçirən subyektin qərarı əsasında təqvim ili ərzində yalnız bir dəfə həyata keçirilə bilər. Dövlət rüsumu yoxlaması həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla dövlət rüsumu tutan qurumların son bir ilindən çox olmayan fəaliyyətini əhatə edir. Nəzarəti həyata keçirən subyekt tərəfindən yoxlanılmış dövr üzrə yenidən dövlət rüsumu yoxlaması keçirilmir.

4.6. Bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş qərarda nəzarəti həyata keçirən subyektin və onun səlahiyyətli nümayən-dəsinin (nümayəndələrinin) soyadı, adı, atasının adı, vəzifəsi, dövlət rüsumu tutan qurumun adı, həmçinin dövlət rüsumu yoxlamasının müddəti göstərilməlidir.

4.7. Dövlət rüsumu yoxlaması iş günü və dövlət rüsumu tutan qurumların iş vaxtı ərzində keçirilir.

4.8. Dövlət rüsumu yoxlaması 30 (otuz) iş günündən artıq davam edə bilməz. Dövlət rüsumu yoxlaması zamanı məlumatların araşdırılması əlavə vaxt tələb etdiyi hallarda, dövlət rüsumu yoxlaması müddətinin bitməsinə azı 3 (üç) iş günü qalmış dövlət rüsumu tutan qurumlar məlumatlandırılmaqla nəzarəti həyata keçirən subyektin qərarı əsasında dövlət rüsumu yoxlamasının keçirilməsi müddəti 10 (on) iş gününədək artırıla bilər.

5.1. Dövlət rüsumu yoxlamasının nəticəsi aktla rəsmiləşdirilir.

5.2. Aktda onun tərtib olunduğu tarix və yer, dövlət rüsumu tutan qurumun adı, fəaliyyət istiqamətləri, yoxlamanın əhatə etdiyi dövr, müddəti (başlama və bitmə tarixi), yoxlamanı həyata keçirən səlahiyyətli nümayəndənin (nümayəndələrinin) soyadı, adı, atasının adı, habelə yoxlamanın əhatə etdiyi dövrdə dövlət rüsumu tutan qurumun maliyyə və ya təsərrüfat fəaliyyətinə məsul olan vəzifəli şəxslər barədə məlumatlar, araşdırılmış hallar, müəyyən edilmiş faktların və aşkar olunmuş nöqsanların təsviri əks olunur.

5.3. Akt iki nüsxədə tərtib edilir. Akt nəzarəti həyata keçirən subyektin səlahiyyətli nümayəndəsi (nümayəndələri) və dövlət rüsumu tutan qurumun rəhbəri, maliyyə və ya təsərrüfat fəaliyyətinə məsul olan vəzifəli şəxslər tərəfindən imzalanır. Dövlət rüsumu tutan qurumun rəhbəri, maliyyə və ya təsərrüfat fəaliyyətinə məsul olan vəzifəli şəxslər aktda razılaşmadıqları hissələr üzrə qeydlərini edə bilərlər, həmçinin aktı imtina səbəbini bildirməklə imzalamaqdan imtina edə bilərlər. Nəzarəti həyata keçirən subyektin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imtina barədə həmin aktda müvafiq qeydlər aparılır. Dövlət rüsumu tutan qurumlar akt və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, aktın təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində nəzarəti həyata keçirən subyektə aktı imzalamama səbəblərini izah etmək, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını təsdiqedici sənədlərin surətini əlavə edərək təqdim etmək hüququna malikdirlər.

5.4. Aktın bir nüsxəsi dövlət rüsumu tutan qurumlarda saxlanılır, digər nüsxəsi nəzarəti həyata keçirən subyektin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən 1 (bir) iş günü müddətində müvafiq nəzarəti həyata keçirən subyektə təqdim edilir.

5.5. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş müddət bitdikdən sonra 15 (on beş) gündən çox olmayan müddətdə nəzarəti həyata keçirən subyekt tərəfindən akta və bu Qaydanın 5.3-cü bəndinə əsasən təqdim edilmiş sənədlərə dövlət rüsumu tutan qurumların səlahiyyətli nümayəndəsinin (nümayəndələrinin) iştirakı ilə baxılır. Nəzarəti həyata keçirən subyekt dövlət rüsumunun yoxlanması materiallarına baxılmanın yeri və vaxtı barədə dövlət rüsumu tutan qurumlara əvvəlcədən məlumat verir. Dövlət rüsumu tutan qurumların səlahiyyətli nümayəndəsi (nümayəndələri) əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlmədikdə, yoxlama materiallarına, dövlət rüsumu tutan qurumlar tərəfindən təqdim edilən etirazlara və izahatlara onun iştirakı olmadan baxılır.

5.6. Bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan baxılmanın nəticələri üzrə nəzarəti həyata keçirən subyekt tərəfindən dövlət rüsumu tutan qurumların müvafiq əsaslandırması və izahatları əsasında aktın qüvvədə saxlanılması və ya aktın ləğv edilməsi barədə qərar qəbul edilir. Dövlət rüsumu tutan qurumlar həmin qərarla bağlı inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

5.7. Maliyyə Nazirliyi tərəfindən bu Qaydanın 3.2-ci bəndinə əsasən təqdim edilmiş məlumatlar əsasında, habelə dövlət rüsumu yoxlanması zamanı dövlət rüsumu tutan qurumlarda inzibati xətanın törədilməsi faktı aşkar edildikdə, həmin faktları təsdiq edən məlumatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi məqsədilə dərhal İqtisadiyyat Nazirliyinə göndərilir.

Qeyd. Dövlət rüsumu tutan qurumlar tərəfindən məlumatlar mərkəzləşdirilmiş qaydada təqdim edildikdə yerli struktur bölmə barədə məlumat tələb olunmur.

1. 7 mart 2024-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 302)

2. 29 dekabr 2024-cü il tarixli 555 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1460)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver