1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. avans təminatı – avansdan məqsədli təyinatı üzrə istifadə olunmadıqda, satınalma müqaviləsinin icrasına başlanılmadıqda və ya satınalma müqaviləsi icra edilmədikdə, qalib təchizatçının əvvəlcədən ona edilmiş ödənişlərin qaytarılacağına dair satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.2. benefisiar mülkiyyətçi – “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsində nəzərdə tutulan şəxs;
1.1.3. çərçivə sazişi – dövri və ya təkrar tələb olunan, eyni zamanda həcminin və ümumi qiymətinin əvvəlcədən tam müəyyənləşdirilməsi mümkün olmayan müvafiq satınalma predmetinin bir büdcə ili ərzində satın alınması şərtlərini müəyyənləşdirən, satınalan təşkilatla tələblərə uyğun olan iki və ya daha çox təchizatçı arasında bağlanan saziş;
1.1.4. dövlət satınalmalarının vahid internet portalı (bundan sonra – portal) – nəzarət orqanı tərəfindən fəaliyyəti təşkil edilən və idarə olunan, satınalmanın elektron qaydada keçirilməsini təmin edən, habelə bu Qanunda nəzərdə tutulan digər məqsədlər üçün istifadə edilən dövlət satınalmalarının vahid informasiya sistemi;
1.1.5. etibarsız təchizatçı – bu Qanunun 16-cı maddəsinə əsasən riskli hesab olunan və etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçı;
1.1.6. gözləmə müddəti – təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət;
1.1.7. xidmətlər – mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti;
1.1.8. icra təminatı – qalib təchizatçının satınalma müqaviləsinin icrası üçün satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.9. işlər – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş və seysmik tədqiqatlar;
1.1.10. qarant – təchizatçının təklifinə, satınalma müqaviləsinin icrası üzrə təminatlarına və digər ödəniş sənədlərinə qarantiya verən maliyyə institutu;
1.1.11. qeyri-rezident – Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.6-cı maddəsində nəzərdə tutulan şəxs;
1.1.12. maliyyə vəsaiti – Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri, dövlət adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və digər dövlət müəssisə və təşkilatların (idarələrin) vəsaitləri, habelə dövlət vəsaitinə aid edilməyən, lakin satınalan təşkilatın sərəncamında olan bütün pul vəsaitləri;
1.1.13. mallar – satış, mübadilə və dövriyyənin digər formaları üçün nəzərdə tutulmuş hər hansı maddi və ya qeyri-maddi əmlak;
1.1.14. məxfi məlumatlarla əlaqəli satınalma – özündə məxfi məlumatları ehtiva edən, satınalan təşkilata bu məlumatların qorunması üçün müəyyən tələblərin irəli sürülməsinə və tədbirlərin görülməsinə hüquq verən satınalma;
1.1.15. nəzarət orqanı – Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.16. sadə satınalma müqaviləsi – satınalan təşkilatla çərçivə sazişinin tətbiqi ilə keçirilən satınalmanın ikinci mərhələsində seçilən təchizatçı arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
1.1.17. satınalan təşkilat – satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri);
1.1.18. satınalma – satınalma predmetinin bu Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsi;
1.1.19. satınalma komissiyası – satınalan təşkilat tərəfindən yaradılan, onun adından satınalmanı keçirən və nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup;
1.1.20. satınalma metodu – satınalmanın keçirilməsi üçün bu Qanunun 7-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq olunan açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu;
1.1.21. satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı (bundan sonra – qalib təchizatçı) ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
1.1.22. satınalma planı – satınalan təşkilat tərəfindən bu Qanunun 18-ci maddəsinə uyğun olaraq tərtib edilən, bir büdcə ili ərzində təşkil ediləcək satınalmalar barədə məlumatı əks etdirən və portalda yerləşdirilən sənəd;
1.1.23. satınalma predmeti – bu Qanuna əsasən satın alınan mallar, işlər və ya xidmətlər;
1.1.24. satınalma güzəşti – təkliflər qiymətləndirilərkən, yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.14-cü maddəsində müəyyən edilmiş qaydada tətbiq edilən güzəştli düzəliş;
1.1.25. şərtlər toplusu – satınalan təşkilatın hazırladığı, satınalma şərtlərini əks etdirən və satınalma komissiyası tərəfindən təsdiq olunduqdan sonra təchizatçılara təqdim edilən sənəd;
1.1.26. təchizatçı – satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi;
1.1.27. təklifin təminatı – təchizatçının təklifi (kotirovka sorğusu metodu üzrə təklif istisna olmaqla) üçün satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.28. uyğunluğa dair sənədlər toplusu – satınalan təşkilatın hazırladığı, təchizatçıların uyğunluq göstəricilərinə dair tələbləri əks etdirən və uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildiyi hallarda satınalma komissiyası tərəfindən təsdiq olunduqdan sonra təchizatçılara təqdim edilən sənəd.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.