Qanunvericilik › Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Təklifin təminatı

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Satınalma komissiyası təklifin təminatını ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirir. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.

30.2. Satınalma komissiyası qarant barəsində hər hansı tələbini, habelə təklif üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini şərtlər toplusunda göstərir. Aşağıdakı hallarda təchizatçının təklifinin təminatı geri qaytarılmır:

30.2.1. təchizatçı təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra və ya təklifin qüvvədə olma müddəti bitənədək öz təklifini geri götürdükdə və ya dəyişdirdikdə;

30.2.2. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə;

30.2.3. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə.

30.3. Təklifin təminatı aşağıdakı hallarda dərhal geri qaytarılır:

30.3.1. satınalmada ilk üç yerdən birini tutmayan təchizatçılara – satınalmanın nəticələrinə dair yekun protokol təsdiq olunduqda;

30.3.2. satınalmada ikinci və üçüncü yerləri tutan təchizatçılara – qalib təchizatçı ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdə;

30.3.3. qalib təchizatçı istisna olmaqla, digər təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;

30.3.4. bütün təchizatçılara – təkliflərin təqdim edilməsinin son müddəti bitməmişdən əvvəl təklif geri götürüldükdə və ya satınalma ləğv edildikdə;

30.3.5. təkliflərin qüvvədə olma müddətinin uzadılması təşəbbüsü ilə razı olmayan təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;

30.3.6. qalib təchizatçıya – satınalma müqaviləsi imzalandıqda və icra təminatı təqdim edildikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver