Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması könüllülük qaydasında həyata keçirilir.

21.2. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

21.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

21.4. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur:

21.4.1. ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürməsini;

21.4.2. dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını;

21.4.3. bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə yazılı razılıq verilməsini;

21.4.4. onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini;

21.4.5. dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini.

21.5. Yoxlama tədbirlərinin həcmi dövlət sirri ilə işləməyə buraxılan şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Yoxlama tədbirlərinin keçirilməsində məqsəd bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının müəyyənləşdirilməsidir.

21.5-1. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.

21.6. Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

21.7. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılmasının dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcələrinə uyğun üç forması müəyyən edilir: xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılma.

21.8. Vəzifəli şəxslərin və vətəndaşların məxfilik dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması, onların məxfilik dərəcəsi daha aşağı olan məlumatlarla işləməyə buraxılmasına əsas verir.

21.9. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21.10. Hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver