23.1. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:
23.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;
23.1.2. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq);
23.1.3. bu Qanunun 23.1.2-ci maddəsində göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);
23.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;
23.1.5. xarici ölkədə daimi yaşaması;
23.1.6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi və ya barəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı icraata başlanılması;
23.1.7. yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;
23.1.8. yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.
23.2. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.
23.3. Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.
23.4. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş əsasların aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.