27.1. Müəssisə, idarə və təşkilatlar müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada icazə aldıqdan sonra dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılırlar.
27.2. Bu işlərin görülməsi üçün icazələr müəssisə, idarə və təşkilatın xüsusi ekspertizasının və onların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün məsul rəhbərlərinin dövlət attestasiyasının nəticələri əsasında verilir. Ekspertizanın keçirilməsi və icazənin verilməsi ilə bağlı xərclər həmin müəssisə, idarə və təşkilatların hesabına ödənilir.
27.3. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların aşağıdakı şərtləri yerinə yetirdiyi hallarda verilir:
27.3.1. dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə;
27.3.2. onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda;
27.3.3. onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda.