Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Azərbaycan Respublikası Milli Məclisinin məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifələri aşağıdakılardır:

4.1.1. dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə baxır;

4.1.2. dövlət sirrinin mühafizəsi üzrə Milli Məclis Aparatının vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir.

4.2. Müvafiq icra hakimiyyəti orqanının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

4.2.1. dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarını təsdiq edir;

4.2.2. dövlət sirrinin mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının tərkibini, strukturunu və əsasnaməsini təsdiq edir;

4.2.3. dövlət sirrinə aid edilən məlumatların siyahısını təsdiq edir;

4.2.4. dövlət sirri təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini bağlayır;

4.2.5. müvafiq icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edir;

4.2.6. öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir.

4.3. Müvafiq icra hakimiyyəti orqanının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

4.3.1. bu Qanunun icrasını təşkil edir;

4.3.2. dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının işlənib hazırlanmasını və yerinə yetirilməsini təşkil edir;

4.3.3. beynəlxalq müqavilələrin bağlanması haqqında müvafiq təkliflər verir, dövlət sirri təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin yerinə yetirilməsi üzrə tədbirlər görür, dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsinin mümkünlüyü barədə qərar qəbul edir;

4.3.4. öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir.

4.4. Dövlət sirrini mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

4.4.1. digər dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, müəssisə, idarə və təşkilatlar tərəfindən onlara verilmiş dövlət sirri təşkil edən məlumatların, həmçinin onlar tərəfindən məxfiləşdirilmiş məlumatların mühafizəsini təmin edirlər;

4.4.2. onların tabeliyində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq təmin edirlər;

4.4.3. dövlət sirri ilə işləməyə buraxılan vətəndaşlar barədə öz səlahiyyətləri daxilində yoxlama tədbirlərinin keçirilməsini təmin edirlər;

4.4.4. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılan və ya buraxılmış şəxslərin hüquqlarının məhdudlaşdırılması üzrə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər;

4.4.5. dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair müvafiq dövlət hakimiyyəti orqanlarına təkliflər verirlər.

4.5. Məhkəmə hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

4.5.1. dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə işlərə baxırlar;

4.5.2. göstərilən işlərə baxılması prosesində dövlət sirrinin mühafizəsini təmin edirlər;

4.5.3. məhkəmə hakimiyyəti orqanlarında vəzifəli şəxslərin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver