9.1. Məlumatlar onların sahə, idarə və ya məqsədli proqram mənsubiyyətinə, habelə bu Qanuna uyğun olaraq dövlət sirrinə aid edilir.
9.2. Məlumatların məxfiləşdirilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı bu Qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla, dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir. Siyahıda həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları göstərilir. Siyahı onu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dərc edilir və zəruri hallarda siyahıya yenidən baxılır.
9.3. Dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları dövlət sirrinə aid edilən məlumatlar siyahısına uyğun olaraq məxfiləşdirilməli məlumatların geniş siyahılarını tərtib edir və bu siyahılara daxil edilmiş məlumatların məxfilik dərəcələrini müəyyənləşdirir.
9.4. Silah və hərbi texnika nümunələrinin hazırlanmasına və modernləşdirilməsinə dair məqsədli proqramlar, elmi tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində işlərin sifarişçilərinin qərarı ilə məxfiləşdirilməli məlumatların ayrıca siyahıları tərtib edilə bilər. Bu siyahıları müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərləri təsdiq edirlər. Siyahıların məxfiləşdirilməsinin məqsədəuyğunluğu onların məzmunu ilə müəyyənləşdirilir.