AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN QƏRARI
“Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2016-cı il tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2002-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında nümunəvi Əsasnamə”nin 4-cü bəndinin müddəalarına müvafiq olaraq, dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən məsələlərin tənzimlənməsi məqsədilə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20.3-cü maddəsini rəhbər tutaraq,
1. “Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.
3. “Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 07 iyul 2015-ci il tarixli Q/16 nömrəli Qərarı ləğv edilsin.
general-leytenant Mədət Quliyev
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 24 noyabr 2016-cı il tarixli Q/114 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu Тələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2002-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında nümunəvi Əsasnamə”nin 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələbləri müəyyən edir.
1.1. Bu Tələblərin müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdud-larından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatla bağlı işləri yerinə yetirən müəssisə, idarə və təşkilatlar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlikləri, hərbi birləşmələri, müəssisələri və digər hərbi qurumları (bundan sonra - təşkilat) tərəfindən əsas götürülməlidir.
1.2. Bu Tələblərin hazırlanmasında məqsəd dövlət sirrinin mühafizəsi üzrə bölmələrin (bundan sonra – DSMB) dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi və müvafiq sənədlərlə işin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılması, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının nəzarətdən çıxması, itirilməsi, aidiyyəti olmayan şəxslərin onlarla tanış olması, surətinin çıxarılması, şəklinin çəkilməsini, yanğın, təbii fəlakət və texnogen qəzalar zamanı məhv olması risklərinin aradan qaldırılması, dövlət sirrinin və onun daşıyıcılarının daha etibarlı mühafizəsinin təmin edilməsidir.
2.1. Hər bir təşkilatda DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər dövlət sirri sahəsində mövcud qanunvericiliyin müddəalarını rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (bundan sonra – təhlükəsizlik orqanı) aşağıdakı hallar nəzərə alınaraq hazırlanır və həmin təşkilata təqdim olunur:
2.1.1. təşkilatın fəaliyyət istiqamətləri;
2.1.2. təşkilatın yerinə yetirdiyi işlər;
2.1.3. təşkilatın yerləşdiyi ərazi;
2.1.4. təşkilatın inzibati binasının quruluşu;
2.1.5. təşkilatda mövcud olan işçilərin say tərkibi;
2.1.6. təşkilatda mövcud olan dövlət sirri təşkil edən məlumatların həcmi.
2.2. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təşkilatın tabeliyində olduğu strukturun rəsmi müraciəti əsasında və ya idarələrarası nəzarətin həyata keçirilməsi ilə əlaqədar yoxlama zamanı şəraitə uyğun gəlməyən hallar aşkar olunduqda təhlükəsizlik orqanı tərəfindən bir ay müddətində müəyyən edilir.
3.1. DSMB yeni yaradıldıqda, təşkilatın dislokasiya yeri dəyişdirildikdə, DSMB əsaslı təmir olunduqda və ya bölmə yeni otağa köçdükdə təhlükəsizlik orqanı tərəfindən DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə rəy verilir.
3.2. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğu tələblərə cavab verdikdə, təşkilat rəhbərliyi məktubla təhlükəsizlik orqanına rəy alınması üçün müraciət edir. Təhlükəsizlik orqanı bir ay ərzində DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğuna dair rəy verir. Rəy iki nüsxədə tərtib olunmaqla təhlükəsizlik orqanının müvafiq struktur bölməsinin rəisi tərəfindən təsdiq edilir. Rəyin birinci nüsxəsi təşkilata göndərilir, ikinci nüsxəsi təhlükəsizlik orqanında saxlanılır.
3.3. Rəydə təşkilatın adı, ünvanı, DSMB-nin adı, DSMB-nin otağının yerləşdiyi mərtəbə, otaqların sayı, yaradılmış şəraitə baxılma tarixi, DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirilən tələblər əks olunur, həmçinin rəy tərtib etmiş şəxslər tərəfindən imzalanır.
3.4. DSMB-nin fəaliyyəti üçün şəraitin mövcudluğu tələblərə cavab vermədiyi təqdirdə 15 gün müddətində mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmasa yaradılmış şəraitə baxılması üçün təşkilat rəhbərliyi təhlükəsizlik orqanına məktubla müraciət etməlidir.