“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.4-cü bəndini və “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (Səbuhi Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə (Elxan Nəcəfov), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsinə (Çapay Məmmədov) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (Rəşad Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.
5. Qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılsın.
Bu Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili (bundan sonra – tədris dili) üzrə müsahibədən (bundan sonra – müsahibə) keçirilməsi məsələlərini tənzimləyir.
2.1. Müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) və ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri (bundan sonra – yerli bölmələr) tərəfindən həyata keçirilir.
2.2. Müsahibələrin keçirilməsi məqsədilə müvafiq olaraq Nazirlik və ya yerli bölmələr tərəfindən hər il aşağıdakı tərkibdə müsahibə komissiyaları (bundan sonra – Komissiya) yaradılır:
2.2.1. ibtidai təhsil səviyyəsində – tədris dili üzrə 3 nəfər ibtidai sinif müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq Nazirlik və ya yerli bölmənin əməkdaşı və psixoloq cəlb olunmaqla);
2.2.2. ümumi orta və tam orta təhsil səviyyələrində – tədris dili üzrə 2 nəfər müəllim və həmin dil üzrə 1 nəfər riyaziyyat müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq Nazirlik və ya yerli bölmənin əməkdaşı cəlb olunmaqla).
2.3. I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilin yanvar aylarında keçirilir.
2.4. Müsahibələrin keçirilməsi ilə bağlı Nazirlik və ya yerli bölmələrin rəsmi internet saytında və mediada müsahibələrin başlamasına azı 1 (bir) ay qalmış elan verilir.
2.5. Uşağın (şagirdin) valideyni və ya digər qanuni nümayəndəsi (bundan sonra –ərizəçi) onun müsahibədə iştirakı məqsədilə Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra – EHİS) qeydiyyatdan keçir və ona EHİS-də elektron kabinet açılır. Ərizəçi elektron kabinetə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların tamlığı 3 (üç) iş günü ərzində yoxlanılır. Elektron kabinetə məlumatlarınnatamamlığı (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiqləməlidir. Ərizəçi müsahibə ilə bağlı zəruri məlumatları (keçirilmə tarixi və vaxtı, məkan və s.) elektron kabinet vasitəsilə əldə edir.
2.6. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçirilir.
2.7. I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
2.7.1. dinləyib-anlama bacarığı
- sadə tapşırıqları dinləyib yerinə yetirir;
- qısa (3-5 cümlədən ibarət) mətni dinləyir və suallara cavab verir;
- sualı diqqətlə dinləyib uyğun cavab verir;
2.7.2. rabitəli danışma bacarığı
- ailəsi və vətəni haqqında danışır;
- şəkil əsasında sadə cümlə qurur;
- əşyaların adlarını düzgün adlandırır;
- heyvan, bitki, meyvə–tərəvəz, peşə adları kimi ümumi anlayışları tanıyır;
- xüsusiyyət bildirən sözlərdən istifadə edir (rəngləri adlandırır, ölçü və keyfiyyət bildirən sözləri bilir);
- ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir edir;
2.7.4. hərf və səsləri anlama və tələffüz etmə
- səslərdən söz düzəldir;
- hərfi formasına görə tanıyır (böyük və kiçik);
- danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirir;
- sözləri aydın tələffüz edir.
2.8. II-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında (hər sinif üzrə tələblər sadədən mürəkkəbə doğru dəyişməklə) qiymətləndirilir:
2.8.1. dinləyib-anlama bacarığı
2.8.1.1. II-IV siniflər üzrə:
- dinlədiyi mətnin məzmunu ilə bağlı əsas məqamları qeyd edir və faktoloji suallara cavab verir;
- dinlədiyi mətnin məzmununu şərh edir, obraz, fakt və fikirlərə münasibət bildirir;
- dinlədiyi mətni genişləndirir və yaradıcı yanaşır;
2.8.1.2. V-VII siniflər üzrə:
- mətni dinləyərkən əsas faktları və fikirləri qeyd edərək ümumiləşdirir;
- dinlədiyi mətni mövzu, məzmun, struktur və ideya baxımından şərh edir;
- dinlədiyi mətndəki obraz, hadisə və fikirlərə münasibət bildirir və əsaslandırır;
2.8.1.3. VIII-XI siniflər üzrə:
- dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.) görsəlləşdirir;
- dinlədiyi mətndəki fakt və fikirləri ümumiləşdirərək nəticə çıxarır;
- dinlədiyi məlumatları şəxsi bilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə edir;
2.8.2.1. II-IV siniflər üzrə:
- müvafiq mətnləri sürətli, səlis və aydın səslə oxuyur;
- mətni oxuyarkən durğu işarələrini nəzərə alır və məzmuna uyğun səs tonu seçir;
- mətndəki məlumatları mənimsədiyini nümayiş etdirir;
- kontekstdən çıxış edərək söz və ifadələrin mənasını müəyyən edir;
2.8.2.2. V-VII siniflər üzrə:
- mətni oxuyarkən müvafiq səs tonu seçir;
- mətndəki məlumatları və onların ardıcıllığını müəyyənləşdirir;
- kontekstdən çıxış edərək mətndə tanış olmayan söz və ifadələrin mənasını, faktlar və hadisələr arasındakı əlaqəni müəyyən edir;
- müxtəlif mətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə edir və yaradıcı yanaşır;
2.8.2.3. VIII-XI siniflər üzrə:
- kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin, atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyən edir;
- mətndəki fakt və arqumentlər arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyən etməklə əsaslandırır;
- oxuduğu mətndəki məlumatları digər mənbələrlə müqayisə edir, müəllif yanaşmasına münasibət bildirir;
2.8.3. danışma bacarığı
2.8.3.1. II-IV siniflər üzrə:
- oxuduğu və dinlədiyi mətni yaradıcı şəkildə danışır;
- hər hansı hadisə və mövzu ilə bağlı bildiklərini, fikir və təəssüratlarını rabitəli şəkildə təqdim edir;
- cümlə qurarkən leksik və qrammatik normalara əməl edir;
- danışarkən məzmuna uyğun intonasiya, jest və mimikadan istifadə edir;
2.8.3.2. V-VII siniflər üzrə:
- müzakirə və debatlarda tolerantlıq nümayiş etdirir və danışanın fikrinə rəy bildirir;
- şəkil və qrafik informasiya üzrə mətn qurub nəql edir;
- şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə edir, danışarkən səs tonunu tənzimləyir, pauza və məntiqi vurğudan, intonasiya, jest və mimikadan istifadə edir;
2.8.3.3. VIII-XI siniflər üzrə:
- məlumatları ümumiləşdirərək mətn qurub danışır, səslənən fikirlərə münasibətini ifadə etmək üçün arqument və əks-arqumentlər gətirir;
- şifahi nitqində orfoepiya, fonetik, leksik normalara əməl edir, zəngin söz ehtiyatı nümayiş etdirir;
- nitq prosesində danışığı (səs tonu və intonasiya) ilə ifadə tərzini (duruş, jest, mimika) uzlaşdırır, monoloji çıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirir;
2.8.4.1. II-IV siniflər üzrə:
- bir neçə cümlədən ibarət rabitəli mətn yazır;
- yazı zamanı mətndəki məlumatları məntiqi və xronoloji ardıcıllığı gözləməklə qruplaşdırır;
- tanış olduğu məlumatlara və təxəyyülünə əsasən bədii, qeyri-bədii mətn və əməli yazılar (elan, anket, dəvətnamə, təlimat) yazır;
2.8.4.2. V-VII siniflər üzrə:
- yazısında fikir və məlumatların ardıcıllığına (xronoloji, qeyri-xronoloji, səbəb-nəticə) riayət edir;
- yazısında ədəbi dilin normalarına əməl edir;
2.8.4.3. VIII-XI siniflər üzrə:
- mətni strukturlaşdırarkən onun forma və məzmun xüsusiyyətlərini nəzərə alır və yazısında ədəbi dilin normalarına riayət edir;
- sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt, protokol və s.) tərtib edir;
- müxtəlif fənlər üzrə biliklərindən istifadə etməklə polemik xarakterli mətnlər yazır.
2.9. Bu Qaydanın 2.7-ci və 2.8-ci bəndlərində qeyd olunan hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Komissiya üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, uşaq (şagird) barədə ümumi bal müəyyən edilir.
2.10. Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, yekun bal müəyyən edilir.
2.11. Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
2.12. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndərilir.
2.13. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə verilir.
2.14. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda – bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunur.
2.15. Bələdiyyə və özəl ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin dövlət ümumi təhsil müəssisələrinə yerdəyişməsi həyata keçirilərkən bu Qaydanın 2-ci hissəsinin tələbləri nəzərə alınır.
3.1. Ərizəçi Komissiyanın qərarından inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.
3.2. Müsahibə zamanı şəffaflıq, obyektivlik pozulduğu hallarda Komissiya üzvləri barəsində intizam tənbehi tətbiq olunur.