Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.13-cü bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.13-cü bəndinə uyğun hazırlanmışdır və dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) rektorun (bundan sonra - rektor) fəaliyyətinin təşkili məsələlərini tənzimləyir.
1.2. Rektor bu Əsasnaməyə və ali təhsil müəssisəsinin (bundan sonra - müəssisə) nizamnaməsinə uyğun olaraq müəssisəyə cari rəhbərliyi həyata keçirir.
1.3. Rektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarlarını, bu Əsasnaməni və müəssisənin Nizamnaməsini rəhbər tutur.
1.4. Rektor öz fəaliyyətini aşkarlıq, şəffaflıq, demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur. Rektor qəbul etdiyi qərarların müvafiq normativ-hüquqi aktlara uyğun olmasına görə məsuliyyət daşıyır.
1.5. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti (5 il müddətinə), bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu isə bələdiyyə vəzifəyə təyin və vəzifədən azad edir. Rektor olmadıqda, müəssisənin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir.
2.1. Rektorun vəzifələri aşağıdakılardır:
2.1.1. müəssisənin cari fəaliyyətinə rəhbərlik etmək;
2.1.2. müəssisəni dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil etmək;
2.1.3. müəssisənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmr və sərəncamlar vermək;
2.1.4. müəssisənin Nizamnaməsi ilə təsisçinin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən, müəssisənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
2.1.5. Elmi Şuranın iş planının icrasını təmin etmək və onun monitorinqini həyata keçirmək;
2.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etmək;
2.1.7. müəssisənin profilinə uyğun olaraq, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatların aparılması və elmi-metodiki sənədlərin hazırlanmasını təmin etmək;
2.1.8. müəssisədə təlim-tərbiyə prosesində innovativ texnologiyaların və yeni təlim üsullarının tətbiq olunmasını təmin etmək;
2.1.9. ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris planlarını təsdiq etmək;
2.1.10. Himayəçilər Şurasının iclaslarında iştirak etmək;
2.1.11. müəssisənin strateji inkişaf proqramının layihəsinin hazırlanaraq Himayəçilər Şurasının təsdiqinə təqdim edilməsini təmin etmək;
2.1.12. müəssisənin illik büdcəsinin layihəsinin hazırlanaraq Himayəçilər Şurasının müzakirəsinə təqdim edilməsini təmin etmək;
2.1.13. Himayəçilər Şurasına müəssisənin strateji inkişaf proqramının və illik büdcəsinin icrasına dair ətraflı məlumat təqdim etmək;
2.1.14. Himayəçilər Şurasının fəaliyyəti ilə bağlı zəruri olan məlumat və sənədləri ona təqdim etmək;
2.1.15. müəssisənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müəssisənin beynəlxalq fəaliyyətini təmin etmək və beynəlxalq əlaqələrini genişləndirmək;
2.1.16. müəssisənin akkreditasiyasının keçirilməsinə dair təşkilat komissiyası yaratmaq;
2.1.17. Özünütəhlil Hesabatını təsdiq etmək;
2.1.18. Akkreditasiya Şurasının qərarından sonra Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planını təsdiq etmək;
2.1.19. elm və təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara təhsilalanların, təhsilverənlərin və inzibati heyətin fəal cəlb olunmasını təşkil etmək;
2.1.20. müəssisənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün Elmi Şuraya təkliflər vermək;
2.1.21. müəssisənin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlərin görülməsini təşkil etmək;
2.1.22. işəgötürənlərlə işgüzar əlaqələrin qurulması, təhsilalanların müəssisə və təşkilatlarda təcrübə keçməsi, məzunların işlə təmin olunması və karyera inkişafı, təhsilverənlərin peşəkarlığının artırılması istiqamətlərində tədbirlərin görülməsini təmin etmək;
2.1.23. müəyyən edilmiş struktur daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, onların əmək haqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri), habelə müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla gəlir və xərclər smetasını, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq etmək;
2.1.24. müəssisənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
2.1.25. Elmi Şuranın qərarlarını təsdiq etmək, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirmək;
2.1.26. özünün və müəssisənin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
2.1.27. müəssisədə professor-müəllim heyəti, dekan və kafedra müdiri, elmi işçi vəzifələrinin tutulması ilə bağlı keçirilmiş seçkilər zamanı prosedur qaydalarının pozuntusuna yol verildiyi müəyyən edildiyi hallarda, seçkilərlə bağlı nəticələri ləğv etmək;
2.1.28. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında müəssisənin cari fəaliyyətinə dair hesabatlar vermək;
2.1.29. müəssisənin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;
2.1.30. müəssisənin əmlakından müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
2.1.31. müəssisəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
2.1.32. müəssisənin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müəssisənin adından əməliyyatlar aparmaq, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə müəssisənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri müəssisənin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
2.1.33. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
2.1.34. kargüzarlığın və arxiv işinin aparılmasını təmin etmək;
2.1.35. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
2.1.36. müəssisənin daxili audit bölməsi yaradıldığı halda, onun fəaliyyətinə şərait yaratmaq;
2.1.37. müəssisənin fəaliyyətindən əldə olunan gəlirin yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldiyinə nəzarət etmək;
2.1.38. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
2.1.39. müəssisənin fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq etmək;
2.1.40. təhsil sahəsində tətbiqi tədqiqatların aparılmasını, eləcə də innovativ fəaliyyəti stimullaşdıran qrant maliyyələşdirməsinin həyata keçirilməsini təşkil etmək;
2.1.41. Elmi-Metodiki Şuranın tərkibini təsdiq etmək;
2.1.42. müəssisənin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll etmək.
2.2. Rektorun hüquqları aşağıdakılardır:
2.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qrupları yaratmaq;
2.2.2. müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və strateji inkişafının təmin edilməsi ilə bağlı Himayəçilər Şurasına və tabe olduğu orqana (quruma) və ya bələdiyyəyə təkliflər vermək;
2.2.3. qanunvericiliyə uyğun olaraq əqdlər bağlamaq və bankda hesab açmaq;
2.2.4. öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini prorektorlardan birinə həvalə etmək;
2.2.5. müəssisənin təlim və tədris proseslərinə elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri və mütəxəssisləri, o cümlədən xarici ölkələrdən təcrübəli mütəxəssisləri cəlb etmək;
2.2.6. Himayəçilər Şurasının növbədənkənar iclasının keçirilməsi barədə vəsatət qaldırmaq;
2.2.7. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müəssisənin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul etmək;
2.2.8. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.2.9. müəssisənin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən hüquqları həyata keçirmək.