AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Kollegiya qeyd edir ki, ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ədliyyə sahəsində yeni qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti struktur qurumları ilə razılaşdırılmış “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə layihəsi hazırlanmışdır.
Layihədə əməkdaşlara peşə hazırlığı səviyyəsinə və qulluq stajlarına uyğun olaraq məharət dərəcələrinin təyin edilməsi qaydaları və mexanizmi müəyyən edilmiş, həmin dərəcəyə görə əlavə sosial təminatlar nəzərdə tutulmuşdur.
Kollegiyada verilmiş təkliflər nəzərə alınmaqla bu sənəd məqbul bilinmişdir.
Göstərilənlərə əsasən, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən kollegiya
1. “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin öyrənilməsi və düzgün icrası, o cümlədən məsələ ilə bağlı müvafiq komissiyaların yaradılması, onların iş reqlamentlərinin müəyyən edilməsi və əməkdaşların hazırlıq səviyyəsinin yoxlanılması qaydalarının hazırlanması, əsasnamənin icrasından irəli gələn digər tədbirlərin görülməsi təmin olunsun (M.Q.Quliyev, R.İ.Mehdiyev, M.Q.Ələkbərov, R.M.Məhərrəmov, A.Ş.Əliyev).
3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Ş.Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Əsasnamə «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin və «Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarının icrası məqsədi ilə qəbul olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və hərbi qulluqçularının (bundan sonra - əməkdaşlar) məharət dərəcələrinin təyin edilməsi qaydalarını müəyyən edir.
1.2. Məharət dərəcələri əməkdaşlara peşə hazırlığının səviyyəsindən və qulluq stajından asılı olaraq verilir.
1.3. Məharət dərəcələrinin verilməsi əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması, nizam-intizamın möhkəmləndirilməsi, cəzaların icrası üzrə işin və tibbi xidmətin səmərəli təşkil edilməsi məqsədi daşıyır.
1.4. Məharət dərəcələri aşağıda qeyd edilən ardıcıllıqla verilir:
- penitensiar və tibb xidmətində 5 ildən az olmayaraq qulluq etdikdə və məharət dərəcəsi olmadıqda – «II məharət dərəcəsi»;
- «II məharət dərəcəsi» aldığı gündən 5 il qulluq etdikdən sonra - «I məharət dərəcəsi»;
- «I məharət dərəcəsi» aldığı gündən 5 il qulluq etdikdən sonra - «Usta məharət dərəcəsi».
1.5. İxtisaslı mütəxəssis kimi Penitensiar xidmətdə və Tibb baş idarəsində birbaşa rəhbər vəzifəyə (Penitensiar xidmətin və Tibb baş idarəsinin rəis müavini, idarə, şöbə rəisi və rəis müavini) təyin olunmuş əməkdaşlar bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş ardıcıllıq və müddətlər gözlənilmədən «Usta» məharət dərəcəsinin verilməsi üçün komissiyaya təqdim edilirlər.
1.6. On beş il və daha çox qulluq stajı olan və məharət dərəcəsi olmayan əməkdaşlar bu Əsasnamənin 1.4-cü bəndində göstərilən ardıcıllıq və müddətlər gözlənilmədən «I məharət dərəcəsi»nin verilməsi üçün komissiyaya təqdim edilirlər. Həmin əməkdaşlar növbəti məharət dərəcəsinin verilməsindən ötrü «I məharət dərəcəsi» aldıqdan 1 il sonra komissiyaya buraxılırlar.
1.7. Məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə-zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır.
1.8. Başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır.
1.9. Kiçik rəis heyətindən olan əməkdaşlar orta və böyük rəis heyəti vəzifələrinə təyin edildikdə, onlara malik olduqları məharət dərəcələri üzrə pul ödənişləri davam etdirilməklə təyin edildikləri vəzifədə 3 il işlədikdən sonra orta və ya böyük rəis heyəti qismində II məharət dərəcəsi almaq üçün komissiyaya təqdim edilirlər.
1.10. Digər hüquq-mühafizə orqanlarında və hərbi qurumlarda xidmət etmiş, Penitensiar xidmətdə və Tibb xidmətində qulluğa qəbul edilən əməkdaşların məharət dərəcələri həmin il məharət dərəcələrinin verilməsi üzrə komissiya tərəfindən təsdiq edilməsi şərti ilə saxlanılır. Bu əməkdaşların məharət dərəcəsi olmadıqda həmin orqanlarda və qurumlardakı qulluq stajı onlara müvafiq məharət dərəcəsinin verilməsi üçün nəzərə alınır.
1.11. Məharət dərəcələri aşağıdakı qaydada verilir:
- ədliyyə nazirinin əmri ilə – ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinə, Tibb baş idarəsinin rəisinə;
- ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə – Penitensiar xidmətin əməkdaşlarına;
- Tibb baş idarəsinin rəisinin əmri ilə – tibb xidmətinin əməkdaşlarına.
1.12. Məharət dərəcələrinin verilməsi üçün bu Əsasnamənin 1.11-ci bəndində göstərilən vəzifəli şəxsin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət komissiya yaradılır.
Komissiya azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir.
1.13. Komissiyanın vəzifələri:
- təqdim olunan məlumatların obyektivliyinin qiymətləndirilməsi;
- məharət dərəcələrinin verilməsi üçün müəyyən olunmuş qaydalara riayət edilməsi;
- irəli sürülən tələblər üzrə məharət dərəcələrinin verilməsi üçün qiymətləndirmənin keçirilməsi və onların sənədləşdirilməsi.
1.14. Məharət dərəcələrinin verilməsi ilə əlaqədar yaranmış mübahisəli məsələlərin həlli üçün əməkdaşlar və komissiyaların üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyinə, habelə qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayətlə müraciət edə bilərlər.
2.1. Məharət dərəcələrinin verilməsi üçün əməkdaşlar ixtisas tələbləri (əlavə 1 və 2) nəzərə alınmaqla aşağıdakı hazırlıq növləri üzrə qiymətləndirilmədən keçirlər:
- xidməti-peşə hazırlığı;
- silahsız özünümüdafiə;
- ilkin tibbi yardım.
Qiymətləndirmənin nəticəsi «məqbul» və «qeyri-məqbul» ilə qiymətləndirilir.
2.2. Məharət dərəcəsi almış əməkdaşlara müəyyən olunmuş nümunədə döş nişanı (əlavə 3) və vəsiqə verilir (əlavə 4).
Əməkdaşların şəxsi işlərinə məharət dərəcələrinin verilməsi barədə əmrdən çıxarış əlavə edilir və xidməti vərəqələrində qeydlər aparılır.
2.3. Məharət dərəcələrinin verilməsi ilə bağlı komissiyaların iş qaydası və vaxtı onun sədri tərəfindən müəyyənləşdirilir və qiymətləndirmənin başlanmasına ən azı 2 həftə qalmış əməkdaşlara xəbər verilir. Məharət dərəcələrinin verilməsi üçün qiymətləndirməyə buraxılan əməkdaşların siyahısı komissiyaya, onun işinin başlanmasına 7 gün qalmış təqdim edilir.
2.4. Əməkdaşların peşə hazırlığı səviyyəsi test üsulu ilə biliklərin, operativ-xidməti vəzifələrin icrası üzrə praktik vərdişlərin qiymətləndirilməsi, habelə ixtisas tələbləri ilə birlikdə fərdi normativlərin yerinə yetirilməsi yolu ilə həyata keçirilir.
2.5. Komissiyanın rəyinə əsasən müvafiq məharət dərəcəsi almayan əməkdaşların sənədləri komissiyaya növbəti tədris ilində yenidən təqdim edilir.
2.6. Hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks etdirilir. Həmin protokollar əsasında əməkdaşlara məharət dərəcələrinin verilməsi müvafiq əmrlə rəsmiləşdirilir. Üzürlü səbəblərdən (məzuniyyətdə və ya ezamiyyətdə olması, xəstə olduğuna görə və s.) müəyyən olunmuş müddətdə məharət dərəcələri təsdiqlənməmiş əməkdaşlar, xidmətə çıxdıqdan sonrakı üç ay müddətdə komissiyaya təqdim edilirlər. Məharət dərəcələrindən məhrum edilmiş və yaxud məharət dərəcəsi bir pillə aşağı salınmış əməkdaşların, həmin gündən etibarən, 6 ay keçdikdən və ya üzərlərindən tənbeh tədbiri götürüldükdən sonra məharət dərəcələrini bərpa etmək üçün yenidən komissiyaya təqdim edilmək hüquqları vardır.
2.7. Aşağıda göstərilən hallarda əməkdaşların məharət dərəcələri, həmin dərəcələri onlara vermək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən bir pillə aşağı salına bilər:
- intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə;
- tutduğu vəzifədən bir pillə aşağı vəzifəyə keçirildikdə və ya daşıdığı xüsusi rütbə bir pillə aşağı salındıqda;
- texnikadan istifadə etdikləri zaman onların təqsiri üzündən qəza baş verdikdə;
- silahın və texnikanın istismarı və saxlanılması qaydaları, təhlükəsizlik texnikası kobud surətdə pozulduqda;
- intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə.
2.8. Əməkdaşlar vaxtında məharət dərəcələrinə təqdim edilmədikdə, xidməti araşdırma aparılmaqla səhlənkarlığa yol vermiş, bu işə cavabdeh olan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edilir və əməkdaşlar məharət dərəcələrinə təqdim olunurlar.
2.9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən verilən arayış əsasında sağlamlıq vəziyyətinə görə fiziki hazırlıqdan azad edilmiş əməkdaşların yalnız nəzəri hazırlığı qiymətləndirilir.
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarına uyğun olaraq məharət dərəcələrinə görə pul ödənişləri aylıq vəzifə maaşının aşağıdakı faizləri həcmində ödənilir:
Orta, böyük və ali rəis heyətindən olan əməkdaşlara:
- II məharət dərəcəsinə görə - 15%
- I məharət dərəcəsinə görə - 25%
- «Usta» məharət dərəcəsinə görə - 35%
Kiçik rəis heyətindən olan əməkdaşlara:
- II məharət dərəcəsinə görə - 10%
- I məharət dərəcəsinə görə - 15%
- «Usta» məharət dərəcəsinə görə - 25%
IV. Məharət dərəcələri olan əməkdaşlara verilən güzəştlər
4.1. Vəzifədə irəli çəkilmək üzrə digər namizədlərlə müqayisədə eyni şərtlərə malik olduqda daha yüksək məharət dərəcəsi olan əməkdaşlara üstünlük verilir.
4.2. Ali təhsil müəssisələrinə göndərilmə zamanı digər namizədlərlə müqayisədə eyni şərtlərə malik olduqda daha yüksək məharət dərəcəsi olan əməkdaşlara üstünlük verilir.
5. Bu Əsasnamənin tələblərinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
- Penitensiar xidmətin fəaliyyətini tənzimləyən qanunvericiliyi, o cümlədən Ədliyyə Nazirliyi və Penitensiar xidmət üzrə qəbul olunmuş aidiyyəti normativ hüquqi aktları;
- öz xidməti hüquq və vəzifələrini;
- xüsusi texnikanın və rabitə vasitələrinin, mühafizə və fəal müdafiə vasitələrinin tətbiqi qaydalarını tənzimləyən normativ aktları;
- müəssisələrdəki əməliyyat şəraitinin vəziyyətini;
- Penitensiar xidmətdə idarəetmənin elmi təşkilini;
- “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı;
- kargüzarlıq işinin və xidməti yazışmaların aparılması qaydalarını;
- əməyin elmi təşkilinin əsaslarını;
- mövcud xüsusi texnikanın və rabitə vasitələrinin iş prinsiplərini, taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmətin göstərilməsi qaydalarını;
- fərdi mühafizə vasitələrinin əsas növlərini və təyinatını.
- öz işini planlaşdırmağı;
- xidmət sahəsi üzrə uçot və hesabat aparmağı;
- mövcud xüsusi texnika və rabitə vasitələrini işə hazırlamağı və tətbiq etməyi, onların tətbiqi nəticələrini sənədli surətdə tərtib etməyi;
- fərdi mühafizə və fəal müdafiə vasitələrindən istifadə etməyi;
- təcili tibbi yardım gələnədək ilkin tibbi yardım göstərməyi.
- xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini;
- kiçik rəis heyətinə dair Penitensiar xidmətin fəaliyyətini tənzimləyən normativ sənədlərin tələblərini;
- xidmət etdiyi müəssisədə əməliyyat şəraitini;
- hadisə yerində kiçik rəis heyətinin vəzifə və davranış qaydalarını;
- cəza icra və cinayət hüququnun əsaslarını;
- mövcud texniki və rabitə vasitələrinin iş prinsiplərini və taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmət göstərilməsi qaydalarını;
- fərdi mühafizə və fəal müdafiə vasitələrinin əsas növlərini və təyinatlarını;
- tutduğu vəzifə üzrə işin qabaqcıl forma və metodlarını.
- operativ vəziyyətdə müstəqil istiqamət seçməyi və düzgün qərar qəbul etməyi;
- xidməti sənədləri düzgün və savadlı tərtib etməyi;
- mövcud texniki və rabitə vasitələrini işə hazırlamağı və tətbiq etməyi;
- fərdi mühafizə və fəal müdafiə vasitələrindən istifadə etməyi;
- təcili tibbi yardım gələnə qədər ilkin tibbi yardım göstərməyi.
- Tibb xidmətinin fəaliyyətini tənzimləyən qanunvericiliyi, o cümlədən Ədliyyə Nazirliyi və Tibb baş idarəsi üzrə qəbul olunmuş aidiyyəti normativ hüquqi aktları;
- öz xidməti hüquq və vəzifələrini;
- sağlamlığın qorunması üzrə əmrlərin, təlimatların və digər rəhbər sənədlərin tələblərini;
- penitensiar müəssisələrdə ictimai aktual xəstəliklərlə mübarizənin təşkilinin əsaslarını;
- "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları"nı;
- müxtəlif tibbi sənədlərin tərtibatını, kargüzarlıq işinin və xidməti yazışmaların aparılması qaydalarını;
- fərdi mühafizə vasitələrinin və penitensiar müəssisələrdə tətbiq edilən tibbi avadanlıqların əsas növlərini və təyinatını.
- ixtisas profilinə müvafiq tibbi yardım göstərməyi;
- öz işini planlaşdırmağı;
- tibbi qeydiyyat kitablarını aparmağı;
- xidmət sahəsi üzrə uçot və hesabat aparmağı;
- fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi.
- xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini;
- penitensiar müəssisələrdə ictimai aktual xəstəliklərlə mübarizənin əsas vasitələrini;
- müxtəlif profilli xəstəliklərə dair tibbi yanaşmaları;
- fərdi mühafizə vasitələrinin və penitensiar müəssisələrdə tətbiq edilən tibbi avadanlıqların əsas növlərini və təyinatını.
- həkiməqədər tibbi yardım göstərməyi, orta tibb işçisi vərdişlərinin tətbiqini;
- xidməti sənədləri düzgün və savadlı tərtib etməyi;
- xidmət sahəsi üzrə uçot və hesabat aparmağı;
- fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi.
«___» ________ 20 il tarixli ____ №-li
_______________________________________________________
_______________________________________________________
_______________________________________________________
«___» ________ 20 il tarixli ____ №-li
_______________________________________________________
_______________________________________________________
_______________________________________________________
«___» ________ 20 il tarixli ____ №-li
________________________________________________________
________________________________________________________
________________________________________________________