25-1.1. Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür:
25-1.1.1. icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda dövlət icra məmurları tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;
25-1.1.2. cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;
25-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.
25-1.2. Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı məqsədlərə sərf edilir:
25-1.2.1. ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
25-1.2.2. dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
25-1.2.3. ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;
25-1.2.4. ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;
25-1.2.5. icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;
25-1.2.6. ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.
25-1.3. Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.