Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Penitensiar xidmətdə qulluq keçmə

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Penitensiar xidmətin əməkdaşlarının və mülki işçilərinin qulluq keçmə qaydası və şərtləri bu Qanunla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir.

35.2. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.

35.3. Penitensiar xidmətin əməkdaşlarının qulluq üzrə bilavasitə tabe olduqları rəis tabelikdə olan işçi üçün vəzifəcə ən yaxın rəhbər işçidir.

35.4. Qulluq üzrə tabeliyi olmayan penitensiar xidmətin əməkdaşları xidmətdə böyük və kiçik vəzifəli ola bilərlər. Bərabər vəzifələrdə böyüklük xüsusi rütbələrlə, bərabər xüsusi rütbələrdə olduqda isə vəzifəyə görə müəyyən edilir.

35.5. Vəzifəni müvəqqəti icra edən şəxs vəzifə üzrə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

35.6. Penitensiar xidmətin əməkdaşına bu xidmətdə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda onun vəzifə maaşına qanunvericilik ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.

35.7. Penitensiar xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Peşə hazırlığına ilkin hazırlıq və əlavə təhsil daxildir. Penitensiar xidmətin əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır.

35.8. Penitensiar xidmətin əməkdaşı qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə verməlidir.

35.9. Penitensiar xidmətin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.

35.10. Penitensiar xidmətə qəbul edilmiş əməkdaşlar hərbi qeydiyyatdan çıxarılır və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata götürülürlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver