40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir:
40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;
40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
40.1.2-1. stajorluq və ya sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;
40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə;
40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar;
40.1.5. uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda;
40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
40.1.9. bu Qanunun 4.6-cı maddəsində göstərilən hal aşkar edildikdə;
40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda;
40.1.11. ədliyyə orqanlarından xaric edildikdə;
40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda.
40.2. Bu Qanunun 40.1.2-ci, 40.1.4-cü və 40.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir.
40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
40.4. Ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 40.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz.