Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Vətəndaşların tibbi-sosial yardım almaq hüququ

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial xidmət müəssisələrində göstərilir.

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər.

Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.

Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.

İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlilliyi olan şəxslərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi nəzarət olunmaq hüququ vardır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edir.

Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin, karantinlə əlaqədar müavinət almaq hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver