Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması;

1.1.2. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları - ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar;

1.1.3. ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və qida məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət;

1.1.4. ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və qida məhsullarının “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun istehsal və emal edilməsi barədə ekoloji müşahidə orqanının məlumatları əsasında uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilən sənədləşdirmə proseduru;

1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət;

1.1.6. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar –“Qida təhlükəsizliyi” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar;

1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının milli əmtəə nişanı - ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının nümayişi və satışının təşkili məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən nişan;

1.1.8. aqroekosistem - kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və insanları əhatə edən ekoloji sistem;

1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər – müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər).

1.2. Bu Qanunda işlədilən “ekoloji təmiz” anlayışı beynəlxalq qanunvericilikdə işlədilən “bioloji”, “üzvi” və “təbii” anlayışları ilə eyni mənanı ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver