9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki şəxslərdən təşkil olunur.
9.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində, zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik olmalıdır.
9.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata keçirilir:
9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir;
9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək üçün öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli və müvafiq tələblərə əməl etməlidir;
9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə yetirməlidir.
9.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsal edən subyektlərdə eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı genişləndirmək və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış subyektləri ilə kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə bilərlər.